BAKI, 25 iyul. TELEQRAF
Azərbaycanın ən böyük dəmir filizi yataqlarından biri olan “Daşkəsən” sahəsinin istismarı üzrə meqa-layihənin icrasına başlanılıb.
"AzərGold" QSC-dən Teleqraf-a verilən məlumata görə layihə törəmə şirkət olan “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən həyata keçirilir və təxminən 1,2 milyard dollar həcmində investisiya dəyəri ilə qiymətləndirilir.
İqtisadi baxımdan ölkə üçün strateji əhəmiyyət daşıyan bu layihənin yaxın 19 ildə Ümumi Daxili Məhsula (ÜDM) 13,2 milyard ABŞ dolları həcmində töhfə verməsi proqnozlaşdırılır. Eyni zamanda, layihənin aktiv fazasında 1650 nəfər birbaşa, 2350 nəfər isə dolayı yolla olmaqla, ümumilikdə 4000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.