Təmizləyici vasitədən zəhərlənməmək üçün nə etməli?
E-saglam.az mövzu ilə bağlı əsas məlumatları diqqətə çatdırır.
1. Ventilyasiya vacibdir
Kimyəvi maddələrdən istifadə zamanı pəncərə və qapıları açın. İmkan varsa, ventilyator işlədin. Qapalı və havasız məkanda təmizlik zəhərlənmə riskini artırır.
2. Maska və əlcək istifadə edin
Əlcəksiz və maskasız təmizlik bədənə kimyəvi maddələrin birbaşa keçməsinə səbəb ola bilər. Xüsusilə tərkibində xlor, ammiak və ya turşu olan vasitələrdə bu tədbirlər vacibdir.
3. Kimyəvi qarışıqlardan çəkinin
Fərqli təmizləyiciləri birləşdirməyin! Məsələn, xlorlu vasitə ilə tualet təmizləyici qarışdırıldıqda zəhərli qazlar (xlor qazı) əmələ gəlir və bu, həyati təhlükə yarada bilər.
4. Tərkibi oxuyun və dozaya əməl edin
İstifadədən əvvəl etiketləri diqqətlə oxuyun. Orada qeyd edilən miqdardan çox istifadə etmək daha yaxşı təmizlik yox, daha yüksək risk deməkdir.
5. Qida və içkilərdən uzaq saxlayın
Təmizləyiciləri yemək, içki və mətbəx ləvazimatlarına yaxın yerlərdə saxlamaq və ya onlara yaxın səthlərdə istifadə etmək zəhərlənməyə səbəb ola bilər.
6. Uşaqlardan və ev heyvanlarından uzaq tutun
Bu maddələri uşaqların və heyvanların əli çatmayan, qapalı yerdə saxlayın. Hətta az miqdarda udulması belə ağır nəticələr verə bilər.
7. Zəhərlənmə halında nə etməli?
Dərhal təmiz havaya çıxın.
Kimyəvi maddə dəriyə və ya gözə təmas edibsə, bol su ilə yuyun.
Udulubsa, özünüz heç bir müdaxilə etməyin – dərhal təcili tibbi yardım çağırın və məhsulun qabını onlara göstərin.
Könül Oruc
E-saglam.az