EN

Miskin “sabun operası”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Rauf Allahverdiyevi “dosyesi” açılandan kuliminasiya nöqtəsinə çatanadək sırf müşahidə etmək qərarına gəldik. İdarəolunan prosesə oxşatmağımız doğru idi…

Nöqtə isə AFFA rəhbərliyinin, konkret Rövşən Nəcəfin hədəfə gətirilməsi idi. Tanış, hətta əzbər bildiyimiz “senari”…

“Yazılan hekayə” öz razvyazkasına hakimin “ömürlük uzaqlaşdırılmasında” “Sabah”ın AFFA-ya təzyiq etməsi iddiası ilə çatdı.

Rauf mətbuata müsahibəsində bu iddiaya yuvarlanarkən üstünə də əlavə etmişdi ki, bəzi mətbu orqanlar da prosesi işıqlandırmaqdan çəkinir/qorxur…

Əslində:

nə olmuşdu?

Ötən mövsüm kubokun yarımfinalının ilk qarşılaşmasında “Neftçi” – “Sabah” oyununda VAR hakimi Rauf Allahverdiyev Yuri Matiasın Coy-Lens Mikelsə qarşı cərimə meydançası daxilində kobud oyununu görməzdən gələrək “Sabah”ın əleylehinə qərar vermiş və buna görə cəzalandırılmışdı.

Nəticə?

Allahverdiyevin nöqsanı sübuta yetirilmiş və hakimlikdən uzaqlaşdırılmışdı. Lakin qərarın rəsmi açıqlanmaması anlaşılmadı…

Niyə açıqlanmırdı? Buna kimlər mane olurdu/kimlərə bu vəziyyət sərf edirdi?

Haşiyə: AFFA-da bəzi açıqlanmalı məsələlər açıqlanmır, əvəzində açıqlanmasına ehtiyac olmayan şeylər isə rəsmi saytda təqdim olunur. Bu idarəetmədəki “planlı xaosdur” və gələcəkdə bundan maraqlar üçün istifadə ediləcək.

Rauf mediada “qızışdıqca” səhvlər buraxırdı. Oxşar motivli keyslərdə təcrübəmizə güvənərək hələ də müşahidə eytməyə davam edirdik. Çünki məqsəd həqiqəti bərqərar etmək yox, referi üzərindən AFFA-da bəzilərinin hədəfə gətirilməsi idi. Mövzuya haradan qoşulmaq həssas yanaşma istəyirdi…

Nəticəsizlik…

Referi 2 apreldəki oyuna görə hakimlikdən uzaqlaşdırıldığını üç ay sonra, iyulun əvvəlində bəyan edib.

Üç aya rəsmən açıqlanmayan ciddi qərar hakimə iyundan şifahi şəkildə çatdırılır. Sonra o, bir müddət susqun qalır. Qərarın rəsmən elan edilmədiyini görüb, mətbuatda AFFA-ya və “Sabah”ın ünvanına sərt ittihamlar səsləndirir. Görünür, naməlumluq onu təngə gətirmiş, qəzəbli halından istifadə edilərək göstəriş verən kimi Rövşən Nəcəf qələmə verilmişdi. Bunu sonralar Raufun açıqlamalarında da görəcəkdik…

Haqlı idi, qovulması qərarı verilibsə, niyə rəsmən açıqlanmırdı? Lakin hiss olunurdu ki, naşıdır, açıqlamalarında diletantlıq sezilirdi. Ad çəkib, haqsız qərar çıxarmaqda ittiham etməklə “özünü yandırmışdı”…

Mövzuya elə bu nöqtədən qoşulub bu sahədə peşəkara və ədalətinə inandığımız şəxsə – Tahir Süleymanova müraciət etdik. Onunla müsahibədə “hekayənin” gedişatı və məntiqi sonuna kifayət qədər aydınlıq gətirə bildik.

Təhlillərimizə güvənərək bu prosesin də qurama olduğunu təxmin etmişdik. Üç ay rəsmən açıqlanmayan qərara görə qıcıqlanarak hikkəsinin qurbanı olan gənc referi bu dəfə AFFA-nı əsassız ittiham etdiyinə görə ağır cəza alır…

“Oyun bitdi”… deyənlər düşünməsin ki, bu “senari” mükəmməl yazılmışdı.

AFFA-nı (Rövşən Nəcəf qismində) və “Sabah”ı Rauf üzərindən hədəfə gətirmək istəyənlərin naşı niyyəti baş tutmadı. Güman edirik, özləri də fərqindədilər – oyunbazların kimliyini bilirik. Növbəti bu cür sarsaq cəhddə birbaşa adlar və detallar açıqlanacaq. İndiki halda isə xaosda olan ölkə futbolunda pis gedişatın daha da dərinləşməməsi üçün bunu etməmək peşə etikası xatirinədir…

Final

Rauf Allahverdiyev isə yəqin anladı ki, kələyin badına getdi. Ona şifahi şəkildə “ömürlük uzaqlaşma” qərarının verildiyi açıqlanandan sonra qərarın rəsmən açıqlanmaması və bu müddətdə gənc referinin “düşmən” axtarışına çıxması və ehtiyatsız açıqlamaları onu məngənəyə saldı. Mətbuatı ittiham etməkdən tutmuş, qovulmağında yalnız Rövşən Nəcəf və “Sabah”ı ittiham etməyədək – onu uçurumun kandarına sürüklədilər…

Allahverdiyev səhvini etiraf etmişdi, lakin ömürlük uzaqlaşdırılacaq səhv etməmişdi.

…Deyək ki, bütün bu “oyunbazlıqlar” nəticəsində düçar olduğu cəza ilə ona qarşı haqsızlıq oldu.

Amma bilmədən bu haqsızlıq “senarisində” baş rol ifaçısına çevrildi.

Anlaqsız harakiri…

Qoy bu, digər hakimlərə, eləcə digərlərinə də bariz presedent olsun: haqqı tələb etmək təqdirəlayiq haldır. Ancaq bunu peşəkar şəkildə, peşəkarlarla etmək ən vacib məqamdır.

Allahverdiyev bu “hekayənin” finalında həm AFFA və “Sabah”dan üzr istəməli oldu, həm də tələbində haqlı ola-ola naşılığından dolayı ağır cəzaya məruz qaldı.

Bir “hekayə” bitdi. “Sabun operası” kimi…

Ancaq hekayə bitsə də, müəlliflərin “arzuları” bitməyib. AFFA-da öz klanını qurmaq/bərqərar etmək istəyənlərin “dərvişdən” Paris planları idxal etməsi davam ed(əcək)ir. Sadəcə, Rövşən Nəcəf qəflət yuxusundan oyansa:

1. Daxildəki “inqilabçıları” ifşa edər

2. ⁠ İnkişaf Strategiyasının icrasının niyə yubanmasını sezə bilər

Hələlik bu qədər…

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
futbolpress.az

2Sources