AzVision.az xəbər verir ki, Türkiyənin NTV telekanalında yayımlanan süjetdə belə deyilir.
Xəbər kanalının diqqət çəkdiyi əsas məqam stansiyanın seysmik fəallıq zonasına düşməsidir.
“1976-cı ildə inşa olunan AES İrəvandan cəmi 35 kilometr, Türkiyə sərhədindən isə 16 kilometr məsafədə yerləşir. 1988-ci il zəlzələsindən sonra Ermənistan hakimiyyəti stansiyanın fəaliyyətini altı il müddətinə dayandırmışdı, lakin 1995-ci ildə onu yenidən işə saldı”,- telekanal xatırladır.
Reportajda Qərb ekspertlərinin, xüsusilə də Peter Marko Teysin fikirləri təqdim olunur. O, köhnəlmiş AES-i “təhlükəsizlik baxımından ciddi təhdid mənbəyi” adlandırır.
- Əgər bu stansiyada hər hansı qəza baş verərsə, Çernobıl ssenarisi təkrarlana bilər. Onun nəticələri, o cümlədən çirklənmə və digər fəsadlar Avropada onilliklər boyu hiss olunacaq”,- ekspert vurğulayır.
O, beynəlxalq ictimaiyyəti, xüsusilə də Avropa İttifaqı və ABŞ-ni vəziyyətə dərhal müdaxilə etməyə və bununla da qlobal təhlükənin qarşısını almağa çağırıb.
NTV telekanalı Böyük Britaniyanın “Daily Mail” nəşrinə istinadən bildirir ki, Metsamor AES-in fəaliyyəti ilə bağlı narahatlıqlar hələ 1995-ci ildə Ermənistanın özündə də səsləndirilmişdi. Həmin vaxt Ermənistan parlamentinin ətraf mühit üzrə komitəsinin müşaviri Viktoriya Ter-Nikoqosyan Metsamor AES-də baş verəcək istənilən qəzanı “Ermənistanın sonu” adlandırmışdı.
Telekanal vurğulayır ki, beynəlxalq ictimaiyyət Metsamor AES-dən qaynaqlanan təhlükə barədə Ermənistanı illərdir xəbərdar edir.
Reportajda Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi (MAQATE) Morris Rousenin Metsamor AES-i “açıq-aşkar qeyri-kafi” adlandırdığı qeyd olunur.
AzVision.az