EN

"Çin Rusiyanın qalib gəlməsini istəmir, onun məqsədi tamamilə başqadır" - "The Hill"

 
"Pekin üçün ən əlverişli ssenari sonsuz və tükəndirici müharibədir..."
 
Çin nə Rusiyanın mütləq qələbəsini, nə də məğlubiyyətini arzulayır. Onun üçün ən sərfəli variant Rusiya ilə Qərb arasında uzunmüddətli və tükəndirici bir müharibənin davam etməsidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.
 
Əsl təhlükə ABŞ deyil, Rusiyadır
 
Amerikalı siyasi ekspert Aleksandr Motıl yazır ki, Çinin diplomatik bəyanatlarına baxmayaraq, Pekin üçün əsas təhlükə ABŞ yox, elə Rusiyanın özüdür.
 
"Bəli, Çin əlbəttə ki, ABŞ-ı sıxışdırmaq istəyir. Hər hansı diqqət yayındırıcı amil da onun xeyrinədir. Amma Amerika uzaqdadır və müharibədə iştirak etmir. Rusiya isə birbaşa qonşudur və potensial təhlükə yaradır", - o, qeyd edir.
 
Ekspertin fikrincə, Rusiyanın Ukrayna müharibəsində qalib gəlməsi Çinin maraqlarına ziddir. Belə olan halda, Putin özünü güclü hiss edib ya NATO-ya hücum edə, ya da Şimali Qazaxıstanı ilhaq etməyə cəhd göstərə bilər ki, bu da Pekinin maraqlarına uyğun deyil.
 
Qalib Rusiya arzuolunmaz və təhlükəli tərəfdaşdır
 
Motıl vurğulayır ki, qələbə qazanmış bir Rusiya artıq "dost" yox, ambisiyalı və özünü üstün görən bir gücə çevrilə bilər. Bu da Pekinlə Moskva arasında "məhdudiyyətsiz dostluq" görüntüsünü sual altına salar. Əgər Rusiya güclənərsə, bu münasibət daha çox sınağa çəkilmiş, gərgin və qarşılıqlı inamsızlıqla dolu olacaq.
 
Məğlub Rusiya xaos və təhlükə deməkdir
 
Digər tərəfdən, əgər Rusiya Ukraynada məğlub olarsa, bu, Çin üçün də xoş olmayan bir vəziyyət yaradar. Ekspertin təhlilinə görə, belə bir məğlubiyyət Rusiyanı daxili xaosa sürükləyə bilər. Elitlər arasında mübarizə, çevriliş, Putinin devrilməsi və vətəndaş müharibəsi ehtimalı istisna olunmur.
 
Qeyri-rus etnoslar müstəqillik uğrunda qalxarsa, bu, Rusiyanın parçalanması ilə nəticələnə bilər. Hətta Çin Uzaq Şərqdən bir sıra torpaqları ələ keçirsə belə, bu qazanc təhlükə və qeyri-sabitlik fonunda tamamilə mənasızlaşa bilər.
 
Pekin üçün ideal nəticə zəif, amma "yaşayan" Rusiyadır
 
Çin üçün ən əlverişli nəticə Rusiya qismən qalib kimi görünən, amma əslində zəifləyən və müharibədə ilişib qalan bir ölkədir. Bu, bir tərəfdən ABŞ-ı və Qərbi uzun müddət Ukraynaya yardım göstərməkdə yorur, digər tərəfdən isə Rusiyanı Pekindən daha çox asılı vəziyyətə salır. "Zəif, uduzan, amma hələ də mövcud olan bir Rusiya - bu, Çin üçün ən uyğun tərəfdaşdır. O, artıq Pekinin vassalına çevriləcək", - o, qeyd edir.
 
Çin Ukrayna müharibəsində neytraldırmı?
 
Avropa İttifaqı liderləri dəfələrlə Çin rəhbəri Si Tszinpinə müraciət edərək Rusiyaya təzyiq göstərməsini və müharibənin dayandırılmasında vasitəçi olmasını istəyiblər. Lakin reallıq başqa şeylərdən xəbər verir.
 
"Reuters" yazır ki, Çin Rusiyaya pilotsuz uçuş aparatları üçün mühərrikləri "soyuducu avadanlıq" adı ilə gizli şəkildə ötürür. "Telegraph" isə xəbər verir ki, Ukraynada ilk dəfə tamamilə Çin istehsalı olan Rusiya dronu ələ keçirilib.
 
Bu faktlar onu göstərir ki, Çin neytral deyil - o, bu müharibədə "uzaqdan idarə olunan" oyunçudur və əsas hədəfi Rusiyanın qələbəsi deyil, mütləq zəifliyidir.
Chosen
54
moderator.az

1Sources