NATO Rusiyanın Kalininqrad vilayətindəki hərbi fəaliyyətini "havadakı gözlər" kimi tanınan AWACS (havadan erkən xəbərdarlıq və nəzarət) sistemləri vasitəsilə izləyir.
Business Insider-in məlumatına görə, "Boeing E-3" AWACS təyyarəsi Baltik dənizi və Kalininqradda səkkiz saatlıq patrul uçuşu həyata keçirib, təyyarənin idarəetmə panelindəki üçbucaqlı və U formalı simvollar vasitəsilə döyüş gəmilərinin, təyyarələrinin və bölgədəki digər hərbi vasitələrin mövqelərini göstərən qeydlər aparılıb.
Bu sistemlər nəinki uzaq məsafədən hava, quru və dəniz hədəflərini aşkar edir, həm də müttəfiq qüvvələr arasında koordinasiya və yönləndirmə fəalliyyətlərini də icra edir.
Bu arada, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Kalininqrad vilayətinə istənilən potensial hərbi müdaxilənin Rusiyanın nüvə doktrinası çərçivəsində bütün vasitələrlə qarşılanacağını açıqlayıb.
Patruşev Qərb strateqlərinin regionla bağlı "aqressiv planlarını" yenidən gündəmə gətirdiyini iddia edib və Kalininqradın Rusiyanın ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Patruşevin bəyanatı ABŞ ordusunun Avropa və Afrika qüvvələrinin komandanı general-leytenant Kristofer Donahunun iyulun ortalarında verdiyi bəyanatdan sonra verilib. Donahu NATO-nun Kalininqradı ələ keçirmək planının olduğunu bildirib və Şərqi Avropada Rusiya təhlükəsinə qarşı quru qüvvələrinin gücləndirilməsinin vacib olduğunu bildirib.
Rusiyanın regionun təhlükəsizliyini təmin etmək üçün bütün lazımi hərbi resurslara malik olduğunu deyən Patruşev, Qərbin addımlarına qarşı Moskvanın istənilən ssenariyə hazır olduğunu bildirib.
Patruşevin bəyanatında ən diqqəti çəkən məqam isə nüvə silahının mümkün münaqişədə masada olacağına dair eyhamıdır.
Xatırladaq ki, Baltik dənizi sahilində yerləşən və NATO-ya üzv dövlətlərin əhatəsində olan Rusiya anklavı Kalininqrad Rusiyanın Avropadakı hərbi mövcudluğunun əsas nöqtəsidir. Regionda yerləşdirilən "İsgəndər" raketləri və hava hücumundan müdafiə sistemləri NATO üçün strateji təhlükə yaradır.
TAHİR