EN

"Suriyada çevrilişdən sonra ilk seçkilər: Yeni dövrün başlanğıcı" - SANA agentliyi

 
"Sanksiyaların yumşaldılması və ABŞ-ın siyasi jestləri seçkilərin tezləşdirilməsinə təkan verib..."
 
Suriyada yeni siyasi mərhələnin əsas addımı atılır - ölkə sentyabr ayında parlament seçkilərinə gedir. Bu, Bəşər Əsədin devrilməsindən sonra keçiriləcək ilk səsvermə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA dövlət agentliyi məlumat yayıb.
 
Məlumata görə, 15-20 sentyabr tarixlərində fövqəladə seçkilər keçiriləcək və xalq yenilənmiş parlament - Məclis əş-Şaabı formalaşdıracaq.
 
Seçki planını iyulun 26-da yeni keçid dövrünü prezidenti Əhməd əş-Şəraa (digər adı Məhəmməd əl-Culani) ilə bölüşən Məhəmməd Taha əl-Əhmədin rəhbərlik etdiyi seçki komissiyası prosesin texniki detallarını açıqlayıb. Əş-Şəraa müvafiq fərmanı imzaladıqdan sonra üç həftə ərzində seçki orqanları yaradılacaq, namizədlər qeydə alınacaq və debatlara start veriləcək.
 
Yeni parlamentin strukturu və səlahiyyətləri
 
Yeni qurulacaq parlament 210 deputatdan ibarət olacaq. Onların üçdə ikisi, yəni 140 nəfəri birbaşa xalq tərəfindən seçiləcək. Qalan 70 deputatı isə prezident özü təyin edəcək. Bu orqan keçid dövründə yeni qanunların hazırlanmasında və daimi konstitusiyanın yaradılmasında əsas rol oynayacaq.
 
Mart ayında qəbul edilən keçid dövrünün konstitusiya bəyannaməsinə əsasən, yeni parlamentin səlahiyyət müddəti ilkin olaraq üç il müəyyənləşdirilib. Bu müddətdən sonra orqan yenidən formalaşdırıla bilər. Maraqlıdır ki, bu quruma dövlət başçısını vəzifədən uzaqlaşdırmaq və ya səlahiyyətlərini məhdudlaşdırmaq səlahiyyəti də veriləcək. Bununla belə, ilk mərhələdə icraedici hakimiyyət tam olaraq prezidentin əlində qalacaq.
 
Əsəd dövrünün kölgəsində seçki təcrübəsi
 
Bəşər Əsədin hakimiyyəti illərində keçirilən parlament seçkiləri beynəlxalq ictimaiyyət tərəfindən qeyri-demokratik hesab edilib. Əsasən Əsədin partiyası qələbə qazanır, müxalifət və Qərb ölkələri nəticələri tanımayıb. İndi isə fərqli siyasi reallıq yaranıb və yeni seçkilərin daha şəffaf keçirilməsi gözlənilir.
 
Qərbin təsiri: Seçkilərin vaxtı dəyişib?
 
TRT telekanalının məlumatına görə, əvvəlcə Əş-Şəraa parlament seçkilərinin bir neçə ildən tez keçirilməyəcəyini bildirib. Onun fikrincə, seçkidən öncə əhali siyahıya alınmalı və yeni konstitusiya hazırlanmalıdır. Lakin indi mövqelər dəyişib. TRT bu dəyişimi ABŞ və Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları yüngülləşdirməsi ilə əlaqələndirir.
 
2025-ci ilin fevral və may aylarında Avropa İttifaqı bəzi məhdudiyyətləri aradan qaldırıb, iyunun sonunda isə Vaşinqton da eyni addımı atıb. İyulda isə ABŞ "Həyat Təhrir əş-Şam" (HTŞ) qruplaşmasını - Əş-Şəraa tərəfindən idarə olunan təşkilatı terrorçü siyahısından çıxarıb. Bu qərarlar Suriya hakimiyyətinin seçkilərlə bağlı addımlarına təsir göstərmiş ola bilər.
 
Yeni hakimiyyət və davam edən qeyri-sabitlik
 
2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsi və Rusiyaya qaçması ilə ölkədə 10 ildən artıq davam edən vətəndaş müharibəsi formal olaraq sona çatıb. Lakin ölkə daxilində vəziyyət hələ də stabillikdən uzaqdır. Müxtəlif etnik və dini icmalar arasında gərginlik qalmaqdadır.
 
Xüsusilə iyul ayında druz icmasının üstünlük təşkil etdiyi Əs-Süveyda vilayətində islamçı bədəvi qruplarla toqquşmalar baş verib. Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidə Şurasının (SOHR) məlumatına görə, cəmi bir neçə gün ərzində bu bölgədə 1250-dən çox insan həlak olub.
 
Suriyada seçkilərin keçirilməsi həm ölkənin daxili siyasi düzəninin dəyişdiyinin göstəricisidir, həm də beynəlxalq güclərin bu prosesə necə müdaxilə etdiyinin təzahürüdür. Yeni mərhələ böyük vədlərlə başlayır, amma ölkənin gələcəyi hələ də qeyri-müəyyənlik içindədir.
Chosen
11
moderator.az

1Sources