EN

Rusiya Bakı ilə təyyarə gərginliyinə görə üzərinə məsuliyyəti götürmək istəmir - şok səbəb...


Abutalıb Səmədov: “Rusiyanın bu cür davranışının bir səbəbi də hakimiyyətdə olan şəxslərin cinayətkar aləmin üzvləri kimi davranmalarıdır”

Azərbaycan hesab edir ki, Rusiya “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarədə baş vermiş faciəli hadisəyə görə məsuliyyəti üzərinə götürməlidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.

“Ola bilsin ki, ikitərəfli münasibətlərdə anlaşılmazlıq yaranıb və gərginlik artıb. Belə hallar qonşu dövlətlər arasında zaman-zaman baş verir. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası ilə başladı. Hadisə Rusiyanın ərazisində, onun hava məkanında baş verib və biz necə olduğunu bilirik – bu artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Rusiya niyə məsuliyyəti üzərinə götürüb gərginliyə son qoymaq istəmir?

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiya hakimiyyətinin keçmiş Sovetlər İttifaqına daxil olan respublikalara münasibətini 2022-ci ilin iyununda prezident Putin açıq şəkildə ifadə etdi. “Putin dedi ki, bizim missiyamız Rusiya torpaqlarını toplamaq və Rusiyanı möhkəmləndirməkdir. Rusiya torpaqları dedikdə, təbii ki, keçmiş Sovetlər İttifaqına daxil olan respublikaları nəzərdə tuturdu, Baltikyanı respublikaları çıxmaq şərti ilə. Bu səbəbdən də Rusiya hakimiyyəti müstəqil dövlətlərə öz ərazi vahidləri kimi yanaşır, onları dövlət kimi qəbul etmək istəmir, onların hər hansı bir müstəqil davranışı, müstəqil addımı Kremldə ciddi gərginlik yaradır, narazılıq doğurur. Azərbaycan hakimiyyəti son illər kifayət qədər müstəqil siyasət aparır və bu bəzən Rusiyanı qıcıqlandıran səbəbə çevrilir”.

A.Səmədovun sözlərinə görə, Rusiya Ukraynanı yaşanmaz hala gətirmək üçün ilk növbədə onun energetika sistemini sıradan çıxarmağa çalışır. “Bu məqamda Azərbaycan Ukraynaya ardıcıl olaraq generatorlar, elektrik avadanlıqları göndərir. Təbiidir ki, Rusiya bu cür yardımı çox ciddi narazılıqla qarşıladı. “Mən Ukraynanı yaşanmaz vəziyyətə gətirmək istəyirəm, siz kömək edirsiz ki, Ukraynada həyat davam etsin”- Rusiyanın mahiyyəti budur. Çox təəssüf ki, Rusiya normal dövlətə çevrilə bilməyib. Baxmayaraq ki, keçən ilin avqustunda Putinin Azərbaycana dövlət səfəri olmuşdu, çox gözəl qarşılandı, səfər iki gün davam etdi. Dekabr ayında təyyarəmiz vuruldu və Rusiya hakimiyyəti yenə mahiyyətini ortaya qoydu. Bugünə qədər də məsuliyyəti öz üzərinə götürməyib, üzr istəməyib, təzminat verməyib. Müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışır və bu cür hadisə birinci dəfədir baş vermir,Rusiya daim bu cür davranır. Bu Rusiya üçün xarakterik olan bir davranış tərzidir. Dövlətlər də Rusiyanın çəkisini nəzərə alıb bəzən onun qəbulolunmaz davranışını sükutla qarşılamaq məcburiyyətində qalıblar. Yeri gəlmişkən, biz də Rusiyaya kifayət qədər səbr göstərmişik. Putinin Qarabağ müharibəsinin başlanması barədə bəyanatlarını biz səbrlə qarşıladıq. Baxmayaraq ki, Putin tarixi təhrif edib deyib ki, Qarabağ hadisələri Sumqayıt hadisələrindən sonra başlayıb. Ondan sonrakı dövrdə ATƏT-in Minsk qrupunun təkliflərini təhrif etdi və Azərbaycan hakimiyyətini töhmət altında qoydu. Guya biz beş rayonun qaytarılmasına və iki rayonun Ermənistanın nəzarətində qalmasına razılıq vermişik. Halbuki belə bir şey olmayıb. Madrid prinsiplərinə əsasən beş rayon qaytarılandan sonra Qarabağda plebisit keçirilməsi nəzərdə tutulurdu və ondan sonra da geridə qalan iki rayon qaytarılmalı idi. Buna da heç bir reaksiya vermədik. “İsgəndər-M” raketi ilə bağlı dəfələrlə müraciət etdik ki, bu raket Ermənistana necə gəlib? Cavab vermədilər. Orda da səbr etdik. Təbiidir ki, səbrin də bir həddi var və Rusiya artıq bütün hədləri keçib. Bu səbəbdən də Azərbaycan hakimiyyətinin ortaya qəti mövqe qoyması və qəti şəkildə Rusiyanın beynəlxalq hüquqa əməl etməsini tələb etməsi mövqeyi tamamilə anlaşılandır, düzgün mövqedir. O da açıq şəkildə bəyan olunub ki, növbəti addım beynəlxaq məhkəməyə müraciət etmək olacaq. Bu proses uzun sürən prosesdir, ancaq başqa bir yolumuz da yoxdur.Rusiyanın bu cür davranışının bir səbəbi də hakimiyyətdə olan şəxslərin cinayətkar aləmin üzvləri kimi davranmalarıdır. Normal siyasətçilər kimi davranmırlar. Hər addımda onların kifayət qədər şübhəli keçmişi özünü açıq-aydın göstərir. Dövlətlərin bir-birindən narazı olması, bir-birinə qarşı müəyyən sanksiyalar tətbiq etmələri dünya təcrübəsində geniş yayılıb. Ancaq Rusiyanın davranışı bu praktikaya qətiyyən uyğun deyil. Bazarlarda yoxlama aparmaq, insanlara əziyyət vermək, səhər açılmamış evlərə hücum edib vətəndaşları qətlə yetirmək, onlara işgəncələr vermək, dünənə qədər dəyərli saydığı vəzifə sahiblərini işdən azad etmək -bütün bunlar Rusiyada kimlərin hakimiyyətdə olduğunu və onların təfəkkür tərzini açıq şəkildə ortaya qoyur. Rusiya hakimiyyəti keçmiş müttəfiq respublikaları - bu gün müstəqil dövlətləri öz ərazisinə birləşdirmək planından imtina etməyib. Biz bu addımların qarşısını almağa həmişə hazır olmalıyıq. Hələ ki, Ukrayna müharibəsi gedir, Rusiyanın hər hansı kəskin addım atmaq imkanı yoxdur. Bütün gücünü Ukrayna müharibəsinə yönəldib. Ancaq Ukrayna müharibəsi bitdikdən sonra Rusiya hakimiyyətindən hər cür zorakılıq, hər cür qanuna, beynəlxalq hüquqa zidd davranış gözləmək mümkündür. Biz buna hər gün hazırlaşmalıyıq”.

A.Səmədovun fikrincə, Türkiyə başda olmaqla, türki dövlətlərilə əməkdaşlığımızı möhkəmləndirməli, Çinlə münasibətlərimizi daha da yaxınlaşdırmalıyıq, ABŞ-la, İsraillə, Azərbaycana yaxşı münasibət göstərən digər Qərb dövlətləri ilə əlaqələrimizi daha da inkişaf etdirməliyik, ordumuzu möhkəmləndirməliyik, əhalini mümkün təhlükələrdən xəbərdar etməliyik. “Azərbaycan kifayət qədər ciddi sınaq qarşısındadır və bu sınaqdan çıxmaq, dövlətçiliyimizi qorumaq və möhkəmləndirmək üçün bizim hər birimiz əlimizdən gələni etməliyik”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA

Chosen
28
baki-xeber.com

1Sources