EN

Fransanın bitməyən riyakarlığı – parlamentarilərin Azərbaycandan qisas almaq cəhdi - ŞƏRH

Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olmaq, prosesi çökdürmək cəhdindən əl çəkmir. Erməni lobbisinin təsiri altında olan fransalı parlamentarilər növbəti riyakar təşəbbüsə imza atıblar. Qatı azərbaycanofob və türkofob baxışları ilə seçilən deputatlar - Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsini tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi təşəbbüsü irəli sürülüb.

“Təşəbbüs”də nələr var? Əvvəla, ondan başlayaq ki, sənədin erməni lobbisinin sifarişi ilə hazırlandığı elə ilk cümlələrdən görünür. Məsələn, artıq Ermənistanın belə arxivə atdığı “Artsax” ifadəsi yenidən gündəmə gətirilməyə çalışılır. Lobbinin hədəfi bəllidir - illərdir ki, qazanc əldə etdiyi məsələnin unudulmamasına çalışır. Növbəti məsələ, Qarabağdan könüllü çıxan erməni sakinlərlə bağlıdır. Onların Qarabağa qayıtması gündəmə gətirilir. Yenə də burada İrəvanın mövqeyini xatırlamaq yerinə düşür. Nikol Paşinyan və komandası dəfələrlə bu məsələnin gündəmdən çıxdığını dilə gətirdiyi halda lobbinin canfəşanlığı yersiz görünür.

Növbəti məsələ isə Bakıda məhkəməsi keçirilən və terrorda ittiham olunan erməni separatçılardan gedir. Onlar az qala “siyasi məhbus kimi qələmə veriliblər. Əvvəla, bu şəxslərin hazırda məhkəmə prosesi keçirilir. Və onların təşəbbüsü də birbaşa Azərbaycana, məhkəməyə təzyiq vasitəsidir. Artıq neçə müddətdir ki, məhkəmə prosesi keçirilir, şahidlər və erməni terrorunun qurbanı olan şəxslər ifadə verirlər. Separatçıların nümayəndələri isə törətdikləri cinayətləri prosesdə təkzib belə etməyiblər. Fransalı deputatlar həyasızcasına prosesi “qondarma” adlandırmaqdan da çəkinməyiblər. Halbuki ittiham olunan şəxslərin hər biri vəkillə, tərcüməçi ilə təmin ediliblər və hər hansı bir şikayətlə çıxış etməyiblər. “Roma papasından artıq katolik olmaq” ifadəsi burada yerinə düşür.

Fransa Baş Assambleyasının ermənipərəst deputatlarının təşəbbüsündə o da iddia olunur ki, guya Qarabağdan könüllü çıxan insanlara qarşı zorakılıq olub. Heç bir fakt ortaya qoyulmadan da Azərbaycan tərəfi ittiham olunub. Halbuki, erməni sakinlər bölgəni tərk etdikdən sonra ərazidə olan BMT faktaraşdırıcı missiya bir fakt belə ortaya qoya bilməmişdi. Əksinə, insanların bütün əşyalarını götürüb bölgəni tərk etdiklərini qeyd etmişdilər.

Digər iddialarda Azərbaycanın guya ermənilərə məxsus dini, mədəni və tarixi irsi məhv etdiyi bildirilir. Nə Qarabağda, nə də digər bölgələrdə bir dənə də olsun abidə dağıdılmayıb. Əksinə, ermənilər müsəlmanlara məxsus dini yerləri məhv edib, onları donuz fermasına çeviriblər. Prezident İlham Əliyev bildirmişdi ki, “Vətən torpaqlarımızda ermənilərin törətdiyi vəhşiliyin həddi-hüdudu yoxdur. Bunu nəinki insan, heç heyvan da edə bilməz. Bütün bu insanlığa yaraşmayan hərəkətləri ancaq barbar məxluq edə bilər. Ermənilərin bizim tarixi-mədəni irsimizi məhv etdiyini bütün dünya görür. Onlar Qarabağdakı 67 məsciddən 65-ni yerlə yeksan ediblər, qalan 2 məscid isə yarıdağılmış vəziyyətdədir və orada donuz saxlayırmışlar. Bu, onu deməyə əsas verir ki, ermənilər təkcə Azərbaycan xalqının milli heysiyyatına toxunmayıb, eyni zamanda bütün müsəlman cəmiyyətini təhqir ediblər”. Fransalı parlamentarilər də yəqin Prezidentin bu fikirlərini oxuyublar.

Təşəbbüsdə ermənipərəst deputatlar Qarabağa ermənilərin qayıtması məsələsinə də toxunub. Maraqlı olan bu deputatların Azərbaycanın beynəlxalq öhdəliyini də xatırlatmalarıdır. Otuz il Azərbaycan torpaqlarını işğal altında saxlayan, yüz minlərlə azərbaycanlını ev-eşiyindən məhrum edən Ermənistanı bir dəfə də olsun bu məsələdə qınaq obyekti etməyən dövlətin təmsilçiləri indi ölkəmizə dərs keçməyə çalışırlar. Yelisey sarayı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvü olduğu halda, bir dəfə də olsun sülh təşəbbüsü, ədalətli həll variantı təklifi ilə çıxış etməyib.

Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsləri Fransanı özündən çıxarıb, prosesdən kənar qalması ilə sadəcə barışmaq istəmirlər. Bu səbəbdən də ölkəmizə qarşı “səlib” yürüşünü davam etdirirlər.

Çirkin kampaniyada isə qatı ermənipərəst Loran Vokyendən yararlanmaq istəyiblər. Fransada iqtidar koalisiyanın üzvü olan Vokye 2023-cü ildə “Qarabağın blokadaya alınmasını” əsas gətirərək, guya, erməni sakinlərə yardımın edilməsinə çağırış edən kollektiv müraciətin təşəbbüskarlarından biri olub. O, hətta Bakıda COP29-un keçirilməsinə qarşı belə kollektiv müraciətə də imza atıb və anti-Azərbaycan əleyhinə apardığı fəaliyyətə görə, o, Fransanın erməni icması tərəfindən “Cəsarət” medalı ilə təltif olunub.

O, bu “şərəfsiz missiyasında” tək deyil. Ona Fransanın İl-dö-Frans regionunun prezidenti Valeri Pekress və Paris şəhərinin meri An İdalqo da qoşulub. V.Pekress vaxtilə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, dəfələrlə ölkəmizin əleyhinə bəyanatlar səsləndirib, A.İdalqo isə 2023-cü ildə qondarma “rejim” üçün humanitar konvoyu keçirtməyə çalışıb və Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Parisin mərkəzində qondarma “Artsax respublikasının nümayəndəliyi” bu gün də fəaliyyət göstərir.

Göründüyü kimi, başda prezident Emmanuel Makron olmaqla mövcud komanda Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətini, onun uğurlarını həzm edə bilmir. Rəsmi Paris Makronun sayəsində bütün cəbhələrdə uğursuzluqlar yaşayır, keçmiş müstəmləkələrindən qovulur, ya da ki, azadlıq hərəkatı baş qaldırır. Yeni Kaledoniyada baş verənlər də buna misaldır. Bölgə artıq müstəqillik uğrunda mübarizə aparır. Təsadüfi deyil ki, iyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya Dövlətinin yaradılmasının bir başlanğıc olduğunu bildirib, Fransanın müstəmləkə hakimiyyəti altında olan bütün ərazilərinin hazırda Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş dövlətlərarası münasibətlər qurmaq imkanına malik olacağına dair əminliyini ifadə edib.

Chosen
20
1
report.az

2Sources