EN

"Azərbaycan Ukraynanın müharibədə məğlub olmasını istəmir"- - Politoloq

"Rusiyanın şovinist siyasətçiləri, Kremlin nəzarətindəki jurnalistlər və “Z-blogerlər” Azərbaycana qarşı yeni mövzu tapıblar. Bunların “məntiqinə” görə Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiya əleyhinə siyasətini gücləndirmiş olub. Bunu elə yazırlar ki, sanki Azərbaycanla münasibətlərin pozulmasında raketlə vurulan təyyarə olayı olmayıb, o cümlədən soydaşlarımız Rusiya şəhərlərində zorakılığa məruz qalmayıblar. Kreml müharibə başlayandan Ukrayna ərazilərini işğal etməklə yanaşı ukraynalıların qış aylarında donmasını, qazsız və elektriksiz qalmasını istəyir. Kreml 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlayanda bu ölkəyə qarşı da eynisini arzulayırdı. Azərbaycan Gürcüstanın donmasına imkan vermədi, qonşumuzu neft və qazla təmin etdik. Tərəfdaşı ağır durumdan qurtarmaq lazım idi".

Bu barədə AzNews.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib. O, deyib:

"Əlbəttə, Ukraynaya qazın nəqli məsələsində gəlir də düşünülüb, ancaq Gürcüstanın timsalında olduğu kimi Ukraynanın ayaqda qalması bizim üçün vacibdir.

Prezident İlham Əliyev ukraynalılara “işğalla barışmayın” mesajını göndərdikdən sonra Kiyevin “bizə qaz lazımdır” xahişini müsbət cavablandırıb. Çinin xarici işlər naziri Van Yi Brüsselə səfəri zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaya Kallasa “biz Ukrayna ilə müharibədə Rusiyanın məğlubiyyətini istəmirik, çünki əksi olarsa ABŞ diqqətini Çinə yönəldəcək” demişdi. Azərbaycan isə əksinə, Ukraynanın müharibədə məğlub olmasını istəmir, çünki əksi olarsa, Kreml “diqqətini” başqa ölkələrə, o cümlədən Azərbaycana yönəldəcək..."

Chosen
11
aznews.az

1Sources