"Bu dəfə də hədəfdə cəzaçəkmə müəssisəsi, doğum evi və şəhər xəstəxanası kimi mülki obyektlər olub..."
İyulun 29-na keçən gecə Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə növbəti dəfə hava zərbələri endirib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Rəsmi məlumata görə, hücumlar nəticəsində azı 21 nəfər həlak olub, 80-dən çox insan isə yaralanıb. Ən ağır hadisə Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsində baş verib. Burada 17 məhbus həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ukrayna Ədliyyə Nazirliyi bildirib ki, Rusiya ordusu gecə saatlarında Zaporojyedə yerləşən Belinkovsk islah koloniyasına dörd idarə olunan aviazərbə endirib. Zərbə nəticəsində mətbəx binası tamamilə dağılıb, idarəetmə korpusu və karantin bölməsi ciddi zədələnib. Nazirlik həmçinin əlavə edib ki, yaralılar xəstəxanaya yerləşdirilib, perimetr təhlükəsizdir və qaçış təhlükəsi yoxdur. Hücum beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilib.
Dnepropetrovskda ölənlər və dağıntılar
Eyni gecə Dnepropetrovsk vilayətinin müxtəlif bölgələri də zərbələrə məruz qalıb. Kamensk şəhərində iki nəfər ölüb, beşi yaralanıb, onlardan biri hamilə qadındır və vəziyyəti ağırdır. Üçmərtəbəli boş bina dağılıb, doğum evi və şəhər xəstəxanasının şöbələri zədələnib. Vilayətin digər hissələrində - Sinenikovsk rayonunda və Velikomixaylovka kəndində daha iki nəfər, o cümlədən 75 yaşlı qadın həyatını itirib. Həmçinin bir neçə özəl yaşayış evi dağılmış vəziyyətdədir.
"İsgəndər" raketləri və "Shahed" dronları
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, həmin gecə Rusiya iki "İsgandər-M" ballistik raketi, 37 hücum tipli "Shahed" dronu və müxtəlif tipli pilotsuz təyyarələr buraxıb. 32 dron vurularaq zərərsizləşdirilib, lakin bəzi obyektlərə düşən dronlar ciddi ziyan vurub.
"Bu, hərbi cinayətdir"
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak koloniyaya hücumu "növbəti hərbi cinayət" adlandırıb və bildirib ki, "Putin rejimi həm iqtisadi, həm də hərbi zərbələrlə döyüşmək imkanlarından məhrum edilməlidir". Onun sözlərinə görə, bu cür hücumlar yalnız günahsız insanların həyatına son qoymur, həm də beynəlxalq hüquqa meydan oxuyur.
İyulun 29-na keçən gecə baş verən hücumlar bir daha göstərir ki, Rusiya ordusu mülki və humanitar obyektləri də hədəfə almaqda davam edir. Ukrayna tərəfi baş verənləri birbaşa hərbi cinayət kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti bu cür zorakılıqlara qarşı daha sərt mövqe tutmağa çağırır.