EN

Tovuzda iki qardaşın mübahisəsi cinayətlə nəticələndi — TƏFƏRRÜAT

Tovuz rayonunda iki qardaşın mübahisəsi cinayətlə yekunlaşıb. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 25-də rayonun Qovlar qəsəbəsində baş verib. 

Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Xəqani həmin gün səhər saat 7 radələrində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruqla qardaşı Nizaminin sifət nahiyəsinə bir dəfə vurub. 

Hadisəni törədən Xəqaninin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir: 

“Zərərçəkmiş şəxs mənim böyük qardaşımdır. Biz ayrı-ayrı evlərdə yaşayırıq. Nizami ilə əvvəllər heç bir ədavətim olmayıb. Nizami spirtli içki aludəçisidir. Sonuncu mütəmadi olaraq spirtli içki qəbul edərək evimə gəlib və yazılması etik normalara sığmayan nalayiq ifadələr işlədib. Nizami Azadlıq küçəsində yerləşən 2 mərtəbəli yaşayış evindən özünə pay tələb edib. Mənimlə və bacım ilə bu səbəbdən mübahisə edib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, avtomobili nasaz olduğu üçün Nizamidən 100 manat borc pul istəyib: 

“Daha sonra maddi vəziyyətim yaxşı olmadığı üçün Nizaminin borcunu bir qədər gec qaytardım. Hadisədən əvvəlki gün, axşam saatlarında Nizami məndən borcu geri istəmək üçün yaşadığım evə gəldi. Nizami həmin vaxt sərxoş olub. Nizaminin borcunu qaytararaq getməsini bildirdim. Nizami pulu götürərək mənə nalayiq ifadələr işlətdi, daha sonra getdi”.

Xəqani bildirib ki, ertəsi gün, saat 7 radələrində  avtomobili ilə evdən Qovlar şəhəri istiqamətində hərəkətdə olan zaman qardaşı Nizami ilə yaşadıqları evin yaxınlığında qarşılaşıb: 

“Həmin vaxt avtomobilində qonşumuz Bayram da olub. Mən Nizamini görərək avtomobili yanında saxladım. Bundan sonra avtomobildən yerə endim. Qardaşım yolda mənə nalayiq ifadələr işlətdi, məni nalayiq sözlərlə təhqir etdi. Avtomobildən düşərək Nizamiyə nalayiq ifadə işlətməməsini bildirdim. 

O, yenidən söyüşlər söydü, ikimərtəbəli yaşayış evindən pay alacağını bildirdi. Ona əsəbləşdim və ayaq nahiyəsinə təpiklə, üz nahiyəsindən isə yumruqla bir dəfə zərbə  endirdim. Bayram avtomobildən yerə ensə də, bizi ayırmadı. Biz özümüz ayrıldıq. Avtomobilimə əyləşərək oradan uzaqlaşdım”. 

İş üzrə zərərçəkmiş qismində danışan Nizaminin sözlərinə görə, qardaşı Xəqani ilə aralarında əvvəllər heç bir ədavəti olmayıb, mehriban dolanıblar: 

“Xəqani avtomobili nasaz olduğu üçün məndən borc pul istədi. Ona lazım olan 100 manat pulu verdim. Borc verməyimdən 1 aydan çox keçməsinə baxmayaraq, Xəqani borcunu geri qaytarmadı. Bu səbəbdən ondan borcumu geri istədim. Qardaşım 100 manat pulu mənə əlbəəl uzatmayaraq yerə atdı və nalayiq ifadə işlətdi. Xəqaninin bu hərəkətini özümə hörmətsizlik kimi qəbul etsəm də, sərxoș olduğu üçün heç bir söz demədim”. 

Nizami qeyd edib ki, ertəsi gün, saat 7 radələrində evdən çıxıb və işə gedərkən yolda Xəqani ilə qarşılaşıb: 

“Qardaşım öz avtomobili ilə yanımdan keçdi. Avtomobili yanımda saxlayaraq yerə endi. Xəqanidən axşam nə üçün mənə hörmətsizlik etdiyini və təhqir etdiyini soruşdum. O, isə yenidən məni təhqir etdi. Bundan sonra Xəqani təpiklə sol ayağıma, yumruqla isə sifət nahiyəmə bir dəfə zərbə vurdu. Mən həmin vaxt sağ gözümdən xəsarət aldım. Xəqani məni döydükdən sonra getdi”. 

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən qardaşını bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Bu səbəbdən Xəqaninin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az
Chosen
17
demokrat.az

1Sources