EN

Bakıda “vandal söküntü” dayandırıldı… daha böyük fəhlə qüvvəsi yenidən işə başladı!!! – VİDEO

Bakıda mülkiyyət hüquqlarının kobud şəkildə pozulması artıq adi hal almağa başlayıb. İyulun 28-də “Vialon” tikinti şirkətinin Ağadadaş Qurbanov dalan 1, ev 2 ünvanında qanunsuz söküntü işləri ilə bağlı yayılan xəbərlərdən sonra işlər müvəqqəti dayandırılsa da, bu gün, iyulun 29-da şirkət daha çox fəhlə ilə əraziyə yenidən hücum edib.

Musavat.com-un məlumatına görə, hazırda Ağadadaş Qurbanov küçəsi, dalan 2, mənzil 1-dəki mülk vandalcasına sökülür.

Qonşuluqda yaşayan sakinlər redaksiyamıza bildiriblər ki, söküntü işləri heç bir norma və qaydaya əməl edilmədən, vətəndaşların həyat və sağlamlığı nəzərə alınmadan aparılır:

“Ətraf toz-torpaq içindədir, səs-küy dözülməzdir. İnsanların təhlükəsizliyi və sağlamlığı heç kim üçün maraqlı deyil. Bu, söküntü yox, vandalizm aktıdır”.

Sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək, bu özbaşınalığın qarşısının dərhal alınmasını tələb edirlər. Deyirlər ki, dünənki müraciətlərindən sonra ərazidə söküntü işləri dayandırılsa da, bu gün daha böyük fəhlə qüvvəsi cəlb etməklə mülkün söküntüsü davam etdirilir.

Xatırladaq ki, bir neçə ay əvvəl də “Vialon” MMC Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanda yaşayan Ramin Ağayevin mülkünü ekskavatorla sökmüşdü. Halbuki, Fövqəladə Hallar Nazirliyi həmin ünvanda söküntü işlərinin dayandırılması barədə şirkətə rəsmi göstəriş vermişdi.

Bu, “Vialon”un və digər tikinti şirkətlərinin Bakıda törətdiyi ilk qanunsuzluq deyil. Martın 27-də Yasamalda “Melissa Group” şirkətinin sakinlərin yaşadığı binanı heç bir hüquqi əsas olmadan sökməsi ciddi qalmaqala səbəb olmuş, şirkətin rəhbəri və daha iki əməkdaşı həbs edilmişdi.

Qanunvericilik nə deyir?

Azərbaycan qanunlarına görə, heç bir vətəndaş məhkəmə qərarı olmadan yaşadığı evdən zorla çıxarıla bilməz. Hətta məhkəmə qərarı olduqda belə, təxliyə prosesi başa çatmadan söküntü işlərinə başlamaq qadağandır.

Ancaq görünür, bəzi tikinti şirkətləri özlərini qanundan üstün görür və heç bir qurum onların qarşısını ala bilmir.

Sakinlər artıq hökumət və hüquq-mühafizə orqanlarından təcili müdaxilə tələb edirlər.

Chosen
1
1
editor.az

2Sources