Son günlər dənizdə baş verən boğulma hallarının sayı artmaqdadır, xüsusilə də başqasının həyatını xilas etməyə çalışarkən öz həyatını itirənlərin sayı az deyil. Belə halların qarşısını almaq üçün insanlar nə etməlidir və hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?
Moderator.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, boğulan şəxsi xilas etmək özü belə təcrübə tələb edən bir əməliyyatdır və bunu yalnız ixtisaslaşmış, sertifikatlı, bu sahədə peşəkar olan şəxslər – yəni xilasedicilər həyata keçirməlidir.
Onun sözlərinə görə, təbii ki, insanlıq naminə, əgər kimsə yanında boğulursa və onu görürsə, kömək etməyə çalışır:
“Lakin burada çox diqqətli olmaq lazımdır. Belə halda həmin şəxs özü də boğulma təhlükəsi ilə üzləşə bilər. Ona görə də bu, çox ciddi yanaşma tələb edən məsələdir.
Yaxşı olar ki, belə vəziyyətdə kömək etmək istəyən şəxs əlində olan kəndiri boğulan şəxsə uzatsın, həmin kəndirlə onu çəksin. Yaxud da xilasetmə şarı, əşya və ya digər vasitələrlə boğulanı sudan çıxarmağa çalışsın. Bir neçə nəfər bir-birinin əlindən tutaraq da bu yardımı göstərə bilər. Əgər həmin şəxs yüksək səviyyədə üzmə bacarığına və xilasetmə təcrübəsinə malik deyilsə, suya tullanmaqla özünü də təhlükəyə atmış olur. Çünki boğulan şəxs ona yaxınlaşan istənilən kəsdən tutaraq suyun üzərinə çıxmağa çalışır. Bu isə əlavə təhlükə yaradır və nəticə etibarilə kömək etmək istəyən şəxs də boğula bilər. Bütün bu nüanslar nəzərə alınmalıdır”.
Ekspert onu da əlavə edib ki, belə vəziyyətlərdə yaxşı olar ki, kömək etmək istəyən şəxs əynindəki paltarı çıxarıb uzatsın ki, boğulan şəxs ondan tuta bilsin. Həmin hissədən dartaraq onu sudan çıxarmaq mümkündür. Eyni zamanda bir taxta parçası da uzatmaq olar:
“O vasitə ilə həmin insanı çəkməyə çalışmaq daha doğru olar. İnsanlar bu kimi hallara qarşı diqqətli olmalıdırlar. Ən vacib məqam isə odur ki, nəzarətsiz çimərliklərə getmək olmaz. Yalnız fəaliyyətinə rəsmi icazə verilmiş çimərliklərə üz tutmaq lazımdır. Çünki həmin yerlərdə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti fəaliyyət göstərir. Bu xidmət hər il yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxsi xilas edərək həyata qaytarır.
Qeyd etmək lazımdır ki, FHN-in nəzarətində olan çimərliklərdə, yəni xilasedici xidmətin fəaliyyət göstərdiyi ərazilərdə indiyə qədər bir nəfər belə boğulmayıb. Bu fakt bir daha göstərir ki, həmin çimərliklər daha təhlükəsizdir. İnsanlar mütləq bu amilə diqqət yetirməlidirlər.
Statistikaya əsasən, hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir və bu ölümlərin 98 faizi məhz nəzarətsiz, xilasetmə xidməti olmayan çimərliklərdə baş verir. Bu fakt da bir daha təsdiqləyir ki, yalnız rəsmi icazə verilmiş və xilasetmə xidməti olan çimərliklərə üz tutmaq lazımdır.”
Mehin Mehmanqızı