EN

Kilometrajı geri çəkənləri hansı cəza gözləyir?

Avtomobillərin kilometrajının (yürüşünün) süni şəkildə geri çəkilməsi bazarda geniş yayılan aldatma formalarından biridir. Bu fırıldaqla avtomobilin daha az istifadə olunduğu görüntüsü yaradılır, nəticədə qiyməti süni şəkildə qaldırılır. Bir çox ölkədə bu əməl ciddi hüquqi məsuliyyət daşıyır.

Milli.Az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən şəxs bildirib ki, Günəşli ərazisində yerləşən "Əlimyandı" kimi fəaliyyət göstərən salonlardan birindən aldığı "Hyundai Elantra" markalı maşınla bağlı problem yaşayır. Onun dediyinə görə avtomobilin yürüşüyü 40 min kilometr geri çəkilibmiş. Zərərçəkən şəxs çıxılmaz vəziyyətə düşüb, kilometrajı geri çəkən şəxsləri hüquqi yolla cəzalandırmağın yollarını axtarır.

Bəs kilometrajı geri çəkən şəxsləri hansı cəza gözləyir?

Almaniyada kilometrajın manipulyasiyası cinayət hesab olunur. Federal Cinayət Məcəlləsinin 22a bəndinə görə belə hallara görə fırıldaqçılar üç ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Bundan başqa, avtomobilin satışı zamanı yanlış məlumat verildiyi aşkarlanarsa, alıcı müqaviləni ləğv etmək və ödənilən məbləği geri almaq hüququna malikdir.

Fransada məsələ inzibati və cinayət məsuliyyəti ilə tənzimlənir. Fırıldaq yolu ilə kilometrajın dəyişdirilməsi sübut olunarsa, 375 000 avroya qədər cərimə və ya beş ilə qədər həbs cəzası tətbiq oluna bilər.

ABŞ-də isə bu məsələ Federal Odometer Act (Kilometraj Qanunu) ilə tənzimlənir. Bu qanun kilometraj göstəricilərinin dəyişdirilməsini qadağan edir və pozan şəxslərə qarşı həm mülki, həm də cinayət cəzaları nəzərdə tutur. Cərimələr on minlərlə dollara çata, hətta beş ilədək həbs cəzası tətbiq oluna bilər.

Türkiyədə kilometraj fırıldağı "Tüketicinin Korunması Hakkında Kanun" ilə qadağan edilib. Bu halda satıcı məsuliyyət daşıyır və alıcı avtomobili geri qaytarmaq və ya dəyər itkisinə görə təzminat almaq hüququ əldə edir.

Rusiya da bu məsələdə irəliləyişə nail olub. 2022-ci ildən etibarən avtomobilin texniki pasportunun rəqəmsal versiyasında yürüş avtomatik qeyd olunur. Bu məlumatlar xüsusi dövlət məlumat bazasına ötürülür və beləliklə, kilometrajla manipulyasiya etmək getdikcə çətinləşir.

Azərbaycanda kilometrajın dəyişdirilməsi ilə bağlı birbaşa qanun yoxdur. Mülki Məcəlləyə görə alıcının aldadılması müqavilənin ləğvi üçün əsas sayıla bilər. Lakin məsələ hüquqi mexanizm baxımından açıq şəkildə tənzimlənmədiyi üçün, belə hallarda sübut yükü alıcının üzərinə düşür. Ən böyük problem isə texniki baxış və qeydiyyat proseslərində yürüş göstəricilərinin sistematik şəkildə qeyd olunmamasıdır.

Yəni, avtomobilin real yürüşünü rəsmi şəkildə yoxlamaq mümkün deyil. Elan saytlarında isə kilometrajın saxtalaşdırılması halları çoxdur. Hətta bəzi ustalar bu işlə məşğul olur və bu, açıq-aşkar təklif olunur.

İslam
Milli.Az

Chosen
4
2
milli.az

3Sources