EN

Energetika naziri: Moldova Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli saziş imzalamağa açıqdır

Moldova Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli saziş imzalamaq imkanını nəzərdən keçirməyə açıqdır.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Moldovanın energetika naziri Dorin Jungiyetu bildirib.

O qeyd edib ki, Trans-Balkan marşrutu ilə Azərbaycan qazının Ukraynaya tədarükü Moldovaya bu resursu əldə etməyə yol açır.

"Bu kontekstdə Moldava Respublikası gələcəkdə Azərbaycandan birbaşa qaz ala bilər. Kişineu bu istiqamətdə Azərbaycanla uzunmüddətli saziş imzalamaq imkanını nəzərdən keçirməyə açıqdır", - nazir bildirib.

O əlavə edib ki, belə bir sazişin imzalanması sadəcə ilk addımdır: "Növbəti mərhələ Moldova bazarında fəaliyyət göstərən “Energocom” və ya Azərbaycan qazını almaqda maraqlı olan digər lisenziyalı şirkətlər kimi kommersiya şirkətləri arasında qaz tədarükü ilə bağlı danışıqlara aiddir".

Nazir qeyd edib ki, Moldova daxili qaz bazarının liberallaşdırılmasını – ötən il başlanan prosesi dəstəkləyir.

"Bu proses tamamlanana qədər tədarükün təhlükəsizliyi və istehlakçıların qorunması prioritet olaraq qalır. Uzunmüddətli perspektivdə məqsəd hər bir istehlakçının tədarükçüsünü sərbəst seçə bilməsi və biz bazara yeni, etibarlı oyunçuların daxil olmasını təşviq edirik. Azərbaycan artıq özünü enerji sahəsində etibarlı tərəfdaş kimi təsdiqləyib", - D.Jungiyetu vurğulayıb.

Chosen
13
report.az

1Sources