ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.
Onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb.
Məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul prosesində texniki vasitələrlə – mikroqulaqcıq, mikrokamera, naqil, mini telefon, router və digər gizli cihazlarla imtahan qaydalarının pozulması artıq tək-tək şəxslərin fırıldağı yox, sistemli və kommersiya məqsədli təşkilatlanmış şəbəkənin fəaliyyətinə çevrilib:
"Bu hal həm ictimai etimadı zədələyir, həm də təhsildə bərabərlik prinsipini kökündən pozur. Bu əməliyyat nəticəsində şəbəkənin ifşa olunması ciddi hüquqi addım olsa da, problemin yalnız nəticəsi ilə mübarizədir. Əsl problem isə bu cür şəbəkələrin yaranma səbəbləridir. Təəssüf ki, Azərbaycanda imtahan mədəniyyəti və sisteminin strukturu gəncləri bilik üçün deyil, bal üçün mübarizəyə məcbur edir. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan qəbul imtahanları abituriyentlərin gələcəyini müəyyən edən yeganə alətə çevrilib. Bu sistemin psixoloji və sosial təzyiqi artıq gəncləri yalnız bilik deyil, həm də alternativ, bəzən isə qeyri-qanuni yollar axtarmağa vadar edir. Burada əsas məsələ texniki vasitələrdən istifadə edən abituriyentlərin hər biri əxlaqi baxımdan günahkar sayılsa da, onları bu hala gətirən sistemin özü daha ağır məsuliyyət daşıyır. İmtahan balının gəncin həyat yolunu müəyyən etməsi və bircə imtahanın taleyüklü qərar aləti kimi istifadə olunması Azərbaycan təhsil sisteminin ən zəif halqasıdır".
Kamran Əsədov qanunvericilik səviyyəsində bu halı cinayət əməli kimi qiymətləndirib:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinə əsasən, rəsmi sənədlərin saxtalaşdırılması, onların istifadəsi, yaxud imtahan zamanı gizli texniki vasitələrdən istifadə ilə nəticələnən qanun pozuntuları hüquqi məsuliyyət doğurur. Lakin hüquqi məsuliyyətin tətbiqi problemin qarşısını almır. Çünki imtahanın strukturu, qiymətləndirmə mexanizmi və təhsil mühitinin özü gəncləri bu tip risklərə sürükləyir. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2024-cü ildə keçirilən qəbul imtahanlarında 20-dən artıq hal üzrə abituriyentlərin nəticələri qeyri-qanuni texniki müdaxiləyə görə ləğv edilib. Bu, rəsmi aşkarlananlardır. Faktiki sayın isə daha çox olması ehtimal edilir. Çünki istifadə olunan cihazlar o qədər incə və texniki cəhətdən müasir olub ki, imtahan binasına keçirilməsi mövcud nəzarət sistemindən asanlıqla yayına bilib”.
Ekspertin fikirincə, bu hal DİM-in təhlükəsizlik infrastrukturunda ciddi boşluqların olduğunu diqqətə çatdırıb:
"İmtahan mərkəzləri nəzarət çərçivəsində olsa da, praktiki olaraq bu cür müdaxilələr mümkündürsə, bu, təhlükəsizlik sisteminin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu göstərir. Müsbət tərəf ondan ibarətdir ki, DTX və DİM bu dəfə əməkdaşlıq edərək şəbəkəni ifşa etməyə nail olub. Lakin bu reaktiv müdaxilədir. Problemin proaktiv həlli üçün sistemin dəyişməsi vacibdir. Təhsil üzrə dövlət orqanlarının əsas vəzifəsi yalnız hüquq-mühafizə tədbirlərinə etibar etmək yox, bu halların yaranma səbəblərini aradan qaldırmaq olmalıdır".
Kamran Əsədov dünya təcrübəsinə əsaslanaraq vurğulayıb ki, təkcə testlərlə bilik ölçmək yanlışdır:
"Finlandiyada, Almaniyada, Niderlandda ali təhsil müəssisələrinə qəbul bir neçə komponent əsasında həyata keçirilir: əvvəlki illərin qiymət ortalaması, tövsiyə məktubları, sosial bacarıqlar, müsahibə və yalnız bəzi sahələrdə test. Bu, təhsili yalnız imtahana yox, şəxsiyyətin inkişafına əsaslandırır. Azərbaycanda isə məktəb sistemi formal olaraq mövcud olsa da, qəbul sistemindən kənarda qalıb. Məktəbin verdiyi qiymət, şagirdin tədris prosesi, portfoliolar və ya fəaliyyətləri qəbul zamanı nəzərə alınmır. Bu isə repetitorluğun və paralel təhsil sisteminin güclənməsinə, məktəbin nüfuzdan düşməsinə səbəb olur. Və nəticə olaraq, gənclər əsas təhsil deyil, onun ətrafında qurulmuş alternativ "qəbul industriyası”na yönəlirlər”.
Ekspert deyir ki, repetitorluq sisteminin özü təhsildə bərabərsizlik yaradır:
"İmkanlı ailələrin övladları ən yaxşı müəllimləri tutub, daha yüksək nəticələrə nail olur. İmkanı olmayanlar isə ya təhsildən uzaq qalır, ya da alternativ – bu gün müşahidə etdiyimiz texniki alət vasitəsilə fırıldaq yoluna düşür. Bu, əxlaqi zəifləmə deyil, sosial sistemin və təhsil siyasətinin doğurduğu nəticədir”.
Bahar Rüstəmli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.