EN

Universiteti yarımçıq qoyub peşə təhsilinə yönələnlər var

Son illərdə Azərbaycanda peşə təhsil müəssisələrinə maraq artıb. 

Təhsil eksperti Elmin Nuri AzEdu.az-a peşə təhsilinin hazırkı vəziyyəti barədə danışıb.

Bildirib ki, son üç il ərzində Azərbaycan təhsil sistemində peşə təhsil müəssisələrinə cəlb praktiki şəkildə artmağa başlayıb: "Çünki peşə təhsili bizdə öz praktikliyi, səmərəliliyi və faydalılığı ilə çox fərqlənir. Artıq peşə təhsil müəssisəsində təhsil alanlar bilirlər ki, hansısa ixtisas üzrə bacarıq əldə edəcəklər, əmək bazarında həmin ixtisasa sahib olaraq işsiz qalmayacaqlar. Bu, böyük göstəricidir. Bu gün universitetdə oxuyan bir çox tələbələr var ki, bitirdikdən sonra hansı işlə məşğul olacaqlarını bilmirlər. Amma peşə və texniki təhsil alan tələbələr daha nikbin və pozitivdirlər.

Peşə təhsili bir çox universitetləri qabaqlayır

"Statistikalarla tanış olsaq görərik ki, peşə təhsil müəssisələrinin əmək bazarına inteqrasiyası bir çox universitetləri qabaqlayır. Müəyyən qədər aşağı nəticə göstərən şəxslərin ali təhsilə qəbulunda məhdudiyyət qoyulmasına qəti ehtiyac yoxdur. Biz peşə təhsilini inkişaf etdirməliyik. Heç nə tam mükəmməl deyil.

Mən öz təcrübəmdə universiteti yarım qoyub peşə təhsilinə gələn şəxsləri görürəm. Həmçinin universiteti bitirib diplom almasına baxmayaraq peşə təhsilinə başlayan gəncləri də tanıyıram. Onların sayı az deyil. Son illərdə təhsil sahəsində 5-10 faiz artım müşahidə olunur. Əmin olun ki, peşə təhsil müəssisələrinin sayı və ixtisasları artarsa, tələb də çoxalacaq".

İxtisaslar və seçim imkanları genişlənir

"Hazırda 78 peşə təhsil müəssisəsində 152 ixtisas tədris olunur. Bunlar yaxşı mənada fərqlənir. Peşə təhsil müəssisələrinin sayı artdıqca, kəmiyyət də artacaq.

Peşə təhsilinə olan maraq və münasibət artıq formal səviyyəni aşmalıdır. Bəzən deyirlər ki, peşə təhsil müəssisələri sadəcə aşağı bal toplamış tələbələr üçündür. Xeyr, mən belə düşünmürəm.

Bizim peşə təhsil müəssisələrimiz daha istedadlı tələbələrə layiqdir. Peşə təhsil müəssisələrimiz sırf müəyyən bir peşəni yüksək səviyyədə bilmək istəyən uşaqlarla zənginləşməlidir".

Chosen
5
azedu.az

1Sources