Uzun gəzintilər əvəzinə qısa və tez-tez atılan addımların sağlamlığa böyük faydalar verə biləcəyi ortaya çıxıb. Mütəxəssislər bildirirlər ki, gün ərzində cəmi 10–30 saniyəlik qısa yürüşlər belə metabolizmanı canlandıra və kalori yandırmanı artıra bilər.
Gündəlik 10.000 addım atmaq kimi məşhur məqsəd bir çox insan üçün əlçatmaz görünə bilər. Xüsusilə tam iş günü işləyən və ya idman vərdişi olmayan insanlar üçün bu, çətin ola bilər. Lakin yeni tədqiqatlar daha sadə və motivasiyaedici bir yanaşmanı gündəmə gətirir: mikro yürüşlər.
Mikro yürüşlər necə işləyir?
“Daily Mail”in məlumatına görə, ofisdə qısa bir tur atmaq və ya bir neçə mərtəbə pilləkən qalxmaq kimi cəmi 10–30 saniyə davam edən hərəkətlər belə orqanizmdə enerji sərfini artırır.
Araşdırmalarda bu cür qısa, lakin tez-tez hərəkət edən insanların, eyni məsafəni uzun müddətdə qət edənlərlə müqayisədə təxminən 60% daha çox enerji sərf etdiyi göstərilib. Bu isə sürətlənmiş metabolizma və artmış kalori yandırma deməkdir.
Hərəkətsizlik – səssiz təhlükə
Dünya üzrə hər dörd yetkin insandan biri kifayət qədər hərəkət etmir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinə (CDC) görə, ABŞ əhalisinin yarısı artıq çəkilidir və ildə 300 minə yaxın ölüm fiziki passivlik və pis qidalanma ilə bağlıdır.
Dr. Zuliya Frost deyir:
“Mikro yürüşlər xüsusilə hərəkətsiz həyat tərzi keçirənlər və reabilitasiya dövründə olanlar üçün çox uyğundur. Bu, hərəkətə qayıdış üçün əlçatan yoldur.”
Qısa addımlar, uzunmüddətli təsirlər
Qidalanmadan sonra qısa yürüşlər həzmə kömək edir, qan şəkərini sabitləşdirir və enerji səviyyəsini artırır. Bununla yanaşı, qısa fasilələrlə edilən fiziki aktivlik bel ağrılarını azaldır və diqqəti artırır.
Mütəxəssislər bildirirlər ki, hər saat başı cəmi 5 dəqiqəlik bir yürüş belə qan dövranını yaxşılaşdıra və əqli vəziyyəti müsbət təsirləyə bilər. Mikro yürüşlərin stresi azaltdığı, yaradıcılığı artırdığı və əmək məhsuldarlığını yüksəltdiyi qeyd olunur.
10.000 addıma ehtiyac varmı? Bəs 7.000 addım necə?
60 tədqiqatın birgə təhlilinə əsaslanan son araşdırma, sağlam qalmaq üçün gündə 10.000 addımın zəruri olmadığını, əvəzində gündə 7.000 addımın belə ürək xəstəlikləri, demensiya və bəzi xərçəng növləri riskini əhəmiyyətli dərəcədə azaltdığını ortaya qoyub.
160 min insanın sağlamlıq göstəricilərinə əsaslanan nəticələrə görə:
Gündə 7.000 addım atanlarda ürək-damar xəstəliyi riski 25%,
Alzheymer və demensiya riski isə 38% daha aşağıdır.
Nəticə olaraq yeni yanaşmalar göstərir ki, fiziki aktivlik qorxulu və vaxt aparan bir şey olmamalıdır. Uzun yürüşlər yerinə, gün ərzində tez-tez edilən mikro hərəkətlər hem daha əlçatan, həm də daha təsirli olur. Sağlamlıq üçün ilk addım - bəzən sadəcə 30 saniyəlik bir yürüşlə başlaya bilər.