EN

Sülhə qarşı ssenari: Fransa erməni lobbisinin dili ilə danışır

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müstəmləkəçilik irsi ilə dünyada tənqid hədəfinə çevrilmiş Fransa bu dəfə də Cənubi Qafqaz regionunda sülhə, sabitliyə və əməkdaşlığa qarşı çıxan mövqeyi ilə gündəmə gəlib. Azərbaycan diplomatiyasının beynəlxalq müstəvidə getdikcə artan təsir imkanları, xüsusilə də neokolonializmə qarşı apardığı mübarizə rəsmi Parisdə narahatlıq doğurub. Bu narahatlığın növbəti təzahürü isə Fransa Milli Assambleyasında təqdim olunan və ölkəmizə qarşı yönəlmiş qərəzli qətnamə layihəsi oldu.

Siyasi motivli bu sənəd bir daha sübut edir ki, Fransanın bəzi dairələri regionda davamlı sülhün bərqərar olmasında maraqlı deyil və erməni lobbisinin təsiri altında, ikili standartlara əsaslanan siyasəti davam etdirirlər.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında sənədin mahiyyətini, geosiyasi məqsədlərini və Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının arxasında duran səbəbləri geniş şərh edib.

Deputatın sözlərinə görə, Fransa parlamentində irəli sürülən bu sənəd beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir:

“Fransanın siyasi dairələri, o cümlədən parlamenti Yelisey Sarayından aldıqları təlimatlar əsasında uzun müddətdir anti-Azərbaycan və islamofob fəaliyyəti davam etdirirlər. Bu dəfə məsuliyyəti iqtidar koalisiyasının üzvü olan “Respublikaçılar” Partiyası üzərinə götürüb. Məqsəd Azərbaycanı qaralamaq, regionda sülh prosesinə mane olmaqdır”.

Millət vəkili vurğulayıb ki, Fransa mediasında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının ideoloji əsasları bu qətnamədə əks olunub:

“Qətnamənin gündəmə gətirilməsi təsadüfi deyil. Bu sənəd Fransa ilə Yeni Kaledoniya arasında əldə olunan razılaşmadan dərhal sonra irəli sürüldü. Açıq görünür ki, Azərbaycanın müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda tutduğu prinsipial mövqe Fransanı narahat edir”.

Deputat qeyd edib ki, Azərbaycan diplomatiyasının artan təsir imkanları Fransanı qeyri-konstruktiv yollara əl atmağa vadar edir:

“Makron administrasiyası bu addımı ilə bir daha sübut edir ki, onlar regionda sülhün bərqərar olmasında maraqlı deyillər. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyi bir zamanda belə sənədin irəli sürülməsi göstərir ki, Fransa sülh prosesindən kənarda qalmasını həzm edə bilmir”.

Vüqar Rəhimzadə, deputat

Vüqar Rəhimzadə əlavə edib ki, qətnamədə Ermənistanın “sülhsevər tərəf” kimi təqdim olunması qərəzli və riyakar yanaşmanın göstəricisidir:

“Azərbaycan 30 il sülh danışıqlarına sadiq qaldı. Lakin Ermənistanın havadarlarının dəstəyi ilə danışıqları uzatması işğalın davam etməsinə gətirib çıxardı. 44 günlük müharibə və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri Azərbaycanın gücünü və ədalət uğrunda apardığı mübarizəni bir daha nümayiş etdirdi”.

Deputat qeyd edib ki, Fransanın təqdim etdiyi bu qətnamədə Azərbaycan xalqına qarşı törədilən cinayətlərə, o cümlədən Xocalı soyqırımına və Qərbi azərbaycanlıların qovulmasına dair bir kəlmə belə yer almaması ikili standartların bariz nümunəsidir:

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni vəhşiliyinin izləri bu gün də beynəlxalq qonaqlar tərəfindən yerində görülür. Amma Fransanın bəzi siyasi dairələri bunları görməməzliyə vurur. Onlar tarixi ədaləti ört-basdır etməyə çalışırlar, lakin bu mümkün deyil”.

Millət vəkili xatırladıb ki, Fransa bir tərəfdən demokratiya və insan haqları dəyərlərindən danışır, digər tərəfdən isə Yeni Kaledoniya, Polineziya və digər müstəmləkə ərazilərdə xalqın hüquqlarını boğur:

“Bu, Fransanın neokolonial mahiyyətinin göstəricisidir. Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bu gün Azərbaycanın xarici siyasətində yeni mərhələ başlayıb. Neokolonializmə qarşı aparılan mübarizədə ölkəmiz prinsipial mövqe nümayiş etdirir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu məsələdə lider rolunu oynayır”.

Deputat, həmçinin Prezident İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumunda da Fransanın neokolonial siyasətinə qarşı sərt mövqe sərgilədiyini xatırladıb:

“Dövlət başçımız forum zamanı bildirdi ki, Fransa ilə Yeni Kaledoniya arasında iyulun 12-də imzalanan sənəd bu hekayənin sonu yox, başlanğıcıdır. XXI əsrdə heç bir xalq müstəmləkə zəncirində qalmağa məhkum deyil”.

Vüqar Rəhimzadə sonda qeyd edib ki, Fransanın qətnamədə mədəni irsin qorunmasından danışması da riyakarlıqdır:

“Evian şəhərində azərbaycanlı qadının simvolu olan Natəvanın heykəlinə qarşı edilən təhqirə Fransa susdu. Bu, onların reallığı yalanla əvəzlədiyini bir daha sübut edir. Azərbaycan isə sülhə, beynəlxalq hüquqa və ədalətə əsaslanan siyasəti ilə dünyanın etibarlı tərəfdaşı olaraq qalır. Belə qərəzli sənədlər Azərbaycanın iradəsinə və qlobal proseslərdə artan nüfuzuna təsir edə bilməz”.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
bakivaxti.az

1Sources