EN

Cənubi Qafqazda təhlükəsizlik: Azərbaycan və Türkiyənin rolu, Zəngəzur dəhlizinin açılması

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Hazırkı beynəlxalq konfiqurasiyada Cənubi Qafqaz bir çox güc mərkəzlərinin maraq dairəsində olan, lakin eyni zamanda öz daxili dinamikası ilə seçilən strateji bölgələrdən biridir.

Regionda baş verənlərə yalnız lokal münaqişələr və yaxud ikitərəfli çəkişmələr prizmasından baxmaq kifayət deyil, daha geniş və qlobal kontekstdə qiymətləndirmələrə ehtiyac var. Bu çərçivədə təhlükəsizlik formatlarının dağılması və ya tam iflası real perspektiv kimi görünmür. Çünki nə regional güclər, nə də qlobal aktorlar üçün belə bir ssenari arzuolunandır.

Əksinə, regional sabitliyin qorunması, sülh proseslərinin irəliləməsi və iqtisadi layihələrin reallaşması həm maraqlara uyğundur, həm də mövcud imkanlar fonunda mümkün görünür. Azərbaycanın bu proseslərdəki rolu isə təkcə coğrafi mövqeyi ilə deyil, həm də diplomatik bacarıqları, müttəfiq dəstəkləri və yeni reallıqların qurulmasında oynadığı təşəbbüskar mövqe ilə müəyyən olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, Cənubi Qafqazda mövcud təhlükəsizlik formatlarının çökdüyünü və ya yaxın gələcəkdə çökəcəyini görmürük: 

"Lakin bu proses region dövlətlərinin heç birinə sərf etmir və həmçinin qlobal aktorların da əsas hədəfi deyil".

Onun sözlərinə görə, Azərbaycan güclü müttəfiqləri, xüsusilə Türkiyənin dəstəyi sayəsində bölgədə yeni reallıq yaratmaq və mövcud vəziyyəti qorumaq əzmindədir.

"Ermənistanla sülh müqaviləsi, nəqliyyat dəhlizlərinin açılması, enerji əməkdaşlığı və digər regional layihələr yalnız Azərbaycanın deyil, digər maraqlı tərəflərin də diqqət mərkəzindədir",- politoloq əlavə edib.

Tural İrfan, politoloq

Tural İrfan qeyd edib ki, əks cəbhədə olan qüvvələrin təsir imkanları məhduddur.

"Hazırda Rusiya və İran qlobal güclər tərəfindən təcrid olunma vəziyyətindədir. Bu şəraitdə Azərbaycan diplomatik vasitələrlə Zəngəzur dəhlizinin açılmasına nail olacaq",- deyə o bildirib.

Müsahibimiz onu da əlavə edib ki, regionda real və funksional sabitlik arxitekturası qurmaq üçün kifayət qədər baza və vasitələr mövcuddur. Qlobal aktorların maraq toqquşmaları regional vəziyyəti gərginləşdirməməli, təhlükə yaratmamalı, sülh prosesinə mane olmamalıdır. Zəngəzur dəhlizinin açılmasına mane olanlar, açılmadığı təqdirdə itirəcəkləri qazancdan daha çoxunu itirə bilərlər. Cənubi Qafqazda güc balansının Türkiyə və Azərbaycanın xeyrinə dəyişməsi isə regionun inkişafı və layihələrin reallaşması üçün zəruridir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
bakivaxti.az

1Sources