Bizimyol saytına istinadən ain.az xəbər verir.
Şuşaya səfərimiz zamanı Şuşa xalça muzeyinə də baş çəkməyə qərar verdik. Bizi kövrək ürəkli Hicran xanım qarşıladı. Hicran xanım bizə xalça muzeyinin tarixindən və işğal zamanı muzeyin eksponatlarını necə xilas etdiyindən də söz açdı.
Şuşa xalça muzeyi 1987-ci ildə yaradılıb. Həmin dövrlər də Hicran xanımın gənclik illərinə təsadüf edir. Hicarn xanım həmin dövrlərdə xalça muzeyinin direktoru olub. Dediyinə görə, Bakıya gedib gəlsə də, heç bir zaman doğma Şuşanı tərk etməyib. Ta ki, erməni işğalına qədər...
Hicran xanımın həyat yoldaşı hərbi polis olub. İşğal zamanı bu cütlüyün eksponatların qorunmasında böyük əmək sərf edib. Şuşa işğaldan azad edildikdən sonra 2023-cü ildən etibarən muzey yenidən Şuşada fəaliyyətə başlayıb.
Hicran xanımın sözlərinə görə, muzeyin əsas fəaliyyəti Qarabağ xalçalarının öyrənilməsi, təbliği və qorunmasından ibarətdir.
Muzeydə müxtəlif xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri, müxtəlif qablar və. digər eksponatlar da nümayiş etdirilir.
Hicran xanım muzeydə bir neçə aydır ki, işləyir və ən böyük arzusu olub ki, işğaldan azad edilmiş Şuşada xalça muzeyində çalışsın.
Kövrəkdir Hicran xanım, xatirələrinin keçdiyi işinə qovuşsa da, bir neçə aydır ki, həyat yoldaşını itirib. Danışdıqca gözləri dolur, səsi titrəyir...
Muzeyi gəzirik, muzeyin qonaq kitabına Hicran xanım haqqında ürək sözlərimi də yazıram...
Şuşa xalça muzeyindən belə dərin anlamlı və dəyərli təəssüratla ayrılacağıma inanmazdım...
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.