EN

AYNA ana magistralda sürəti azaldır: Qərarın doğruluğu sual altındadır ŞƏRH

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb ki, iyulun 30-dan etibarən M2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan dairəsindən Ələt qəsəbəsindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsinə qədər olan 50 kilometrlik hissəsində maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək. Bundan əlavə, eynisəviyyəli, nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə sürət həddi 70 km/saat olacaq. Hazırda həmin sahələrdə yeni yol nişanlarının quraşdırılması işləri gedir.

Avtosfer.az “AzNews”a istinadən xəbər verir ki, bu qərar təhlükəsizliyin artırılması məqsədilə verilsə də, bəzi əsaslı suallar doğurur. Çünki söhbət ölkənin əsas magistral yolundan gedir. Bu yol paytaxtı qərb bölgələri ilə birləşdirməklə yanaşı, eyni zamanda Azərbaycanı Gürcüstan və oradan da Avropa bazarları ilə birləşdirən strateji nəqliyyat arteriyası funksiyasını daşıyır. Bu baxımdan, belə bir yolda sürət həddinin endirilməsi, məntiqi və texniki baxımdan deyil, AYNA-nın idarəetmədəki boşluqlarının nəticəsi kimi qiymətləndirilə bilər.

Magistral yolların funksiyası dünya praktikasında yüksək sürətli və fasiləsiz nəqliyyat axınını təmin etməkdir. Bu cür yollar yük və sərnişin daşımalarının sürətini və təhlükəsizliyini artırmaq üçün salınır. Əgər belə bir magistralda sürət həddi 90 və bəzi hallarda 70 km/saat səviyyəsinə salınırsa, bu artıq həmin yolun magistral funksiyasına ziddiyyət təşkil edir. Bu baxımdan qərar, yolun təyinatına uyğun olmayan bir təhlükəsizlik modeli üzərində qurulub.

İqtisadi tərəfdən yanaşdıqda isə məsələ daha problematik görünür. Bu yol həm yerli, həm də beynəlxalq yükdaşımaların əsas marşrutudur. TIR və ağır tonnajlı nəqliyyat vasitələri üçün sürət və vaxt çox böyük əhəmiyyət kəsb edir. Sürətin aşağı salınması logistik dövriyyəni ləngidir, vaxt itkisinə səbəb olur, nəticədə nəqliyyat xərcləri artır və rəqabət qabiliyyəti aşağı düşür. Azərbaycanın tranzit ölkə kimi mövqeyini gücləndirməyə çalışdığı bir vaxtda bu cür qərarlar strateji məqsədlərlə ziddiyyət təşkil edir.

Maraqlıdır ki, bu qərar təhlükəsizlik məqsədilə əsaslandırılır. Lakin burada əsas səbəbin sürət yox, mövcud yol infrastrukturunun problemləri olduğu görünür. Yol boyunca hələ də eynisəviyyəli və nizamlanmayan piyada keçidlərinin qalması, kənd yollarının əsas magistrala birbaşa çıxışı, aydınlatma və nişanlama sistemlərinin kifayət qədər inkişaf etməməsi bu sahədəki əsas təhlükə mənbələridir. Yəni problemin səbəbi yolun və hərəkətin təşkilindəki sistemsizlikdir, sürət deyil. Bu qüsurlar aradan qaldırılmadan sürət həddini azaltmaq, mahiyyətcə problemi yalnız ötürməkdir – həll etmək deyil.

Bundan başqa, avtomobillərin texniki imkanları və müasir nəqliyyat dinamikası da nəzərə alınmalıdır. Müasir avtomobillər 110-130 km/saat sürətlə optimal işləyir, yəni həm yanacaq sərfiyyatı, həm sükan sabitliyi bu sürətlərdə maksimum effekt verir. Aşağı sürətlə, xüsusilə uzun məsafəli yollarda hərəkət isə sürücülərdə yorğunluq və diqqət dağınıqlığı yaradır. Bu da əksinə, qəza riskini azalda bilmir, əksinə artırır. Sürücülər qanunsuz ötmələrə meyllənə, qaydaları pozmağa çalışa bilərlər ki, bu da nəzarətin zəiflədiyi yollarda əlavə risk yaradır.

Əlavə olaraq, bu tip dəyişikliklər beynəlxalq təcrübə ilə də uyğunluq təşkil etmir. Avropa ölkələrinin əksəriyyətində, o cümlədən Türkiyədə əsas magistral yolların sürət həddi 120-130 km/saat təşkil edir. Azərbaycanın da eyni zamanda Avropa və Asiya arasında körpü rolu oynamaq iddiası varsa, yol infrastrukturu və idarəetməsi bu beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Sürəti azaltmaqla yox, təhlükəni texniki vasitələrlə aradan qaldırmaqla bu uyğunluq təmin edilə bilər.

Ən əsası isə, problemin həlli üçün alternativ modellər düşünmək mümkündür. Məsələn, piyada keçidlərini yeraltı və ya yerüstü keçidlərlə əvəzləmək, kənd yollarının magistrala birbaşa çıxışını məhdudlaşdırmaq və fiziki baryerlərlə bu yolları ayırmaq, eləcə də nəzarət sistemlərini – radar, kamera və intellektual idarəetməni – gücləndirmək daha uzunmüddətli və təsirli həll variantlarıdır.

Əgər bu sahədə həqiqətən də təhlükəsizlik artırılmaq istəyirsə, bu, texnoloji və təşkilati tədbirlərlə mümkün ola bilər. Əks halda, sürət həddini endirmək, problemin həllini ləngitmək və daha böyük sistem böhranlarını gizlətməkdən başqa bir nəticə verməyəcək. Azərbaycanda magistral yollar ölkənin iqtisadi damarlarıdır və bu damarlarda qan dövranını süni şəkildə yavaşlatmaq, bütöv orqanizmin zərərinə işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
2
avtosfer.az

3Sources