EN

8 min maaş alan da gəlir vergisindən azad edilir, 500 alan da - 1 yanvarda nə dəyişəcək?


Akif Nəsirli: “Azərbaycan kimi gəlirləri sərvətdən formalaşan ölkələrdə əmək haqqından tutulan gəlir vergisi yüksək olmamalıdır”

Bu ilin sonunda əməkhaqlarına tətbiq edilən vergi güzəştlərinin müddəti uzadılmasa, gəlir vergisinin hesablanması dövlət sektorunda tətbiq olunan qaydalarla aparılacaq.

Məlumdur ki, hazırda özəl sektorda işçilərin əməkhaqqı üzrə 8 000 manata qədər olan hissə gəlir vergisindən tam azaddır.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddi illik güzəşt dövrünün sonu deməkdir. Hazırda əməkhaqqı 8000 manata qədər olan şəxslər gəlir vergisindən azaddır, yalnız 8000 manatdan yuxarı hissədən 14% vergi tutulur. Əgər güzəşt müddəti uzadılmasa, 2026-cı ildən etibarən maaşın 2500 manatadək hissəsindən 14%, 2500 manatdan yuxarı hissəsindən isə 25% gəlir vergisi tutulması nəzərdə tutulur.

Bildirildiyi kimi, 8000 manat əmək haqqı alan gəlir vergisindən azaddır. Həmçinin, minimum əmək haqqı üzrə 500-600 manat alan da gəlir vergisindən azaddır. Bu isə sosial ədalət prinsipi baxımından uyğunsuzluqdur. Ekspertlər hesab edir ki, daha çox əmək haqqı alan şəxs gəlir vergisinə cəlb olunmalıdır. Onların fikrincə, aşağı əmək haqqı alanlar gəlir vergisindən azad edilməlidir. Maraqlıdır, məlum məsələ necə həll olunmalıdır ki, sosial ədalət pozulmasın?

“Minimum əmək haqqı alan işçilər gəlir vergisindən azad edilməlidir, məsələn, 2000 manata qədər əmək haqqı alanlar gəlir vergisi ödəməməlidir”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan kimi gəlirləri sərvətdən formalaşan ölkələrdə əmək haqqından tutulan gəlir vergisi yüksək olmamalıdır: “Gəlir vergisinin həcmi aşağı salınmalıdır. Gəlir vergisinin hədəfi dövlət büdcəsini doldurmaqdan ibarətdir. Məlumdur ki, dövlət büdcəsinin əsas hissəsini neft gəliri ilə doldururuq. Belə olan halda əhalinin aldığı əmək haqqından yüksək gəlir vergisi tutulmamalıdır. 2026-cı il 1 yanvar tarixindən etibarən gəlir vergisinə tətbiq edilən güzəşt başa çatır. Hesab edirəm ki, bu müddət qarşıdakı dövr üçün yenidən uzadılacaq. Məlumat üçün deyim ki, 2019-cu illə müqayisədə nominal gəlir artsa da, real gəlirlər, demək olar ki, yerində sayıb”.

Daha çox əmək haqqı alan şəxsin gəlir vergisinə cəlb olunmasına gəlincə, ekspert hesab edir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməlidir: “Belə ki, minimum əmək haqqı alan işçilər gəlir vergisindən azad edilməlidir. Məsələn, 2000 manata qədər əmək haqqı alanlar gəlir vergisi ödəməməlidir. 2000 manatdan yuxarı əmək haqqı alanlar isə 5 faiz gəlir vergisi ödəməlidir. 4000 manatdan yuxarı əmək haqqı alanlar 10 faiz, 8000-manatın üstündə maaş alanlar isə 15 faiz vergi ödəməlidir. Zənnimcə, belə bir qayda tətbiq edilərsə, daha ədalətli olar, sosial bərabərlik pozulmaz. Məlum məsələni qanunvericiliyə dəyişiklik etməklə tənzimləmək olar”.

Günel CƏLİLOVA

Chosen
15
baki-xeber.com

1Sources