EN

Əli Mustafa: “Rusiya-Azərbaycan qarşıdurması bölgənin güc balansını dəyişir” – ÖZƏL

İranın "Mehr" xəbər agentliyi Rusiyanın Azərbaycana qarşı atdığı addımları və bunun nəticələrini təhlil edən məqalə dərc edib. "Qafqaz böhran astanasındadır; Moskva ilə Bakı arasındakı gərginlik nə qədər davam edəcək?" başlıqlı yazıda bildirilir ki, hazırkı vəziyyət həm ikitərəfli münasibətləri, həm də bütövlükdə Cənubi Qafqazın gələcəyini qeyri-müəyyənliyə sürükləyib. Məqalədə qeyd olunur ki, diplomatik gərginliklər, media qarşıdurmaları, hərbi və təhlükəsizlik insidentləri Rusiya və Azərbaycan arasında münasibətlərdə dərin və getdikcə artan çatların mövcudluğuna işarə edir. Agentlik sonda vurğulayıb ki, iki ölkə münasibətləri "idarə olunan rəqabət" mərhələsinə qədəm qoyur.

"İranın bu məsələlərə diqqət yetirməsi onu deməyə əsas verir ki, Güney Qafqaz İranın da maraq dairəsindədir. Xüsusilə Bakı ilə Moskva arasında yaşanan gərginliyin İran tərəfindən tam dərk olunmaması müşahidə olunur. Bu səbəbdən, onlar baş verən prosesləri narahatlıqla, bəlkə də bir qədər təəccüblə və maraqla izləyirlər: nə baş verir və bu hadisələr bölgə üçün nə vəd edir?".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu qarşıdurmanın əsas müəllifi Rusiyadır: "Rusiya bu addımları hansı məqsədlərlə atırsa, yəqin ki, məqsədləri çoxşaxəlidir. Amma istənilən halda, baş verən gərginliyin əsasən Rusiya amili ilə bağlı olduğunu düşünürəm. Azərbaycanın da verdiyi reaksiyalar, hər nə qədər tam adekvat olmasa da, başa düşüləndir. Çünki Azərbaycan dünyada baş verən prosesləri izləyir və reallıqlar prizmasından müəyyən cavablar verir. Ümumiyyətlə, demək olar ki, münasibətlər tədricən gərginləşir. Bununla belə, o fikir də ağlabatandır ki, bu, hələlik "idarə olunan rəqabət" səviyyəsindədir. Amma bu mərhələ də daimi deyil, dəyişə bilər, aradan qalxa bilər. Çünki hazırkı mühitin müsbət olmaması gələcəkdə yeni gərginliklərin və ya sürprizlərin baş verməsinə zəmin yaradır".

Ə. Mustafanın sözlərinə görə, əgər bu gərginlik davam edərsə, bölgədəki güc nisbətinə ciddi təsir edəcək. İlk növbədə Qərb ölkələrinin - ABŞ, Avropa İttifaqı və Türkiyənin regiondakı təsir imkanlarının artmasına səbəb olacaq. Eyni zamanda Ermənistan və Gürcüstanın mövqeləri də vacib olacaq. Amma əsas olaraq Azərbaycan Rusiyayla qarşıdurma şəraitində, hətta bu rəqabət idarəolunan olsa belə, öz təhlükəsizliyini təmin etmək və Rusiya təhdidlərinə qarşı dayanmaq üçün yeni müttəfiqlər axtarışındadır. Bu baxımdan Türkiyə və Pakistanla əlaqələrini daha da dərinləşdirmək məcburiyyətindədir. Buna əsaslanaraq demək olar ki, bölgədəki güc balansı dəyişməkdədir və bu dəyişiklik, mənim fikrimcə, tədricən Rusiyanın ziyanına olacaq. Bu isə, şübhəsiz ki, İranı da narahat edir və nəticə etibarilə onun da bölgədəki mövqeyinin zəifləməsinə gətirib çıxaracaq. Əslində, Rusiya və İranın bölgədəki mövqeləri bir-birini tamamlayan, eyni xətt üzrə güclü idi. Lakin hazırda hər iki ölkənin həm daxildə, həm də regionda üzləşdiyi problemlər o qədər çoxalıb ki, Güney Qafqazda əvvəlki kimi koordinasiyalı fəaliyyət göstərə bilmirlər. Bu isə bölgədə yeni güc balansının formalaşmasına təsir edir. Hətta demək olar ki, bölgə dövlətləri - xüsusilə də Azərbaycan getdikcə daha çox həlledici aktora çevrilir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources