EN

Daha bir sənət təntənəsi tarixə yazıldı

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Artıq gözəl ənənəyə çevrilən festival bu dəfə də möhtəşəmliyi ilə musiqisevərlərin diqqətini cəlb etdi. İyulun 24-də başlanan və 6 gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Latın Amerikası, Gürcüstan və Litvadan görkəmli musiqiçilər, ifaçılar, tanınmış musiqi kollektivləri iştirak edirdilər. Başlıca özəllik bu idi ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdu.

Festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun, “Mercadonegro ” musiqi qrupunun (Latın Amerikası), “Tbilisi Big Band” orkestrinin (Gürcüstan), “Ciurlionis” kvartetinin (Litva), həmçinin “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və “Xarıbülbül” muğam qrupunun iştirakı ilə Xalq artisti Nəzakət Teymurovanın, “Detaşe-Sabah” violinoçular ansamblının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin, tanınmış musiqiçilərin çıxışlarını həvəslə izlədilər.

Festivalın bağlanış mərasimi və yekun konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olundu. Konsert görkəmli musiqi xadimləri Vasif Adıgözəlovun 90, Rauf Atakişiyevin 100 illik yubileylərinə həsr olunmuşdu. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçən konsertin 1-ci hissəsində görkəmli bəstəkar Vasif Adıgözəlovun “Bayram uvertürası”, “Piano və orkestr üçün 4 nömrəli konsert”, “Qərənfil” romansı, “Çanaqqala 1915” oratoriyasından türkülər və “Bakı haqqında mahnı” səsləndirildi. Solistlər Murad Adıgözəlzadə (piano), Afaq Abbasova (soprano), Selcan Fermor-Hesketh (soprano) və Əvəz Abdulladır (bariton) idi.

Konsertin 2-ci hissəsi Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçdi. Solistlər Xalq artisti Yusif Eyvazov (tenor), Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo soprano), Yusif Eyvazov (tenor) və Əvəz Abdullanın (bariton) ifalarını tamaşaçılar alqışlarla qarşıladılar. Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Traviata” operasından “Brindisi” ifa etdilər.

P.S. Musiqi bayramı başa çatdıqdan sonra həmkarlarım Mustafa Dadaşov və Əli Səmədovla söhbətimizdə Qəbələ festivalı barədə təəssüratlar dilə gəldi. Mustafa dedi ki, çox bənzər tədbirlərdə olmuşam, amma hələ bu səviyyədə yüksək təşkilatçılığı ilə seçilən musiqi bayramı görməmişəm. Qəbələdən musiqi sədaları bütün dünyaya yayıldı. Əli isə əlavə edərək bildirdi ki, tədbir həqiqətən də Azərbaycanın mədəni həyatında mühüm rolu var. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi bu festival həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik mübadiləsinə xidmət edir. Proqramı həvəslə lentə alıb göstərməyimizə şadıq.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Qəbələ

Chosen
36
xalqqazeti.az

1Sources