EN

Azərbaycanın regional geosiyasi gücə çevrilməsi və xarici siyasətdə yeni hədəflər

Ölkəmizin təkcə regionda deyil, onun hüdudlarından kənarda olan proseslərə də təsir və nüfuz edə bilən geosiyasi vahidə çevrilməsi Azərbaycana bir sıra qlobal hadisələrin vacib aktoru qismində çıxış etməyə imkan verir. Zəngin və dinamik xarici siyasət bugünkü Azərbaycanın ən mühüm reallığıdır. 

Gündəmdəki proses və hədəflər rəsmi Bakının yiyələndiyi orta güc statusunun tələb və məsuliyyətindən irəli gələn gerçəkliyin diqtə etdiyi formatdır. Azərbaycanın iştirakçısı olduğu və ətrafında baş verən hadisələr bir çox proseslərin həyata keçməsinin rəsmi Bakının müdaxiləsi yaxud qərarı olmadan baş tuta bilməyəcəyi reallığını göstərir və dövlətimiz yalnız özünün deyil, bütün bölgənin siyasi gündəmini müəyyən edir.

Əbu-Dabi görüşü: dayanıqlı və ədalətli sülhə doğru

Ötən ayın xarici siyasət gündəmində ən mühüm hadisə şübhəsiz ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşü oldu. Bu görüşün ən böyük özəlliyi ondan ibarət idi ki, birincisi, tərəflər yekun sülh müqaviləsinin bütün bəndləri üzrə razılığa gəliblər, ikincisi isə vasitəçisiz görüşürdülər. Bu, geniş anlamda bütün dünyaya, eyni zamanda ölkələr arasında onillikləri əhatə edən münaqişənin tənzimlənməsi, yaxud əksinə - çözülməməsinə təsir göstərməklə ya regionumuzda qalmaq, ya da ən azı bu yolla özlərinin geosiyasi maraqlarını təmin etmək istəyən dövlətlərə göndərilmiş tutarlı mesaj idi. O mesaj ki, onu bir cümlə ilə belə ifadə etmək olar: problemlərimizi özümüz həll etmək iqtidarındayıq. Bu reallıq Azərbaycanın xarici siyasətinin uzun illər ərzində qarşısına qoyduğu prioritet məqsəd idi - Ermənistanı havadarlarının təsiri altından çıxarmaq və danışıqlar masası arxasında mövcud problemi təkbətək formatda həll etmək.

Əbu-Dabi görüşünün 4 saatlıq müzakirələrindən hasil olan bütün detallar təbii ki, ictimaiyyət üçün açıqlanmamış qalır və bu, əslində belə də olmalıdır. Ancaq məlum olan iki mühüm nəticə var ki, onlar da 30 ildir davam edən ədavətin sona çatmasından və bölgənin tarixində yeni mərhələnin başlanğıcından xəbər verir. Əvvəla, liderlər yekun sülh müqaviləsinin ilkin qəbuluna göstəriş verdilər və bu, artıq onun imzalanmağa tam hazır olduğunun göstəricisidir. Belə bir məqam Azərbaycanın iki prinsipial tələbinin reallaşmasını gözləyir: birincisi, ATƏT-in Minsk qrupu buraxılmalıdır, ikincisi isə Ermənistan konstitusiyasındakı ərazi iddiaları ortadan qaldırılmalıdır. Rəsmi İrəvanın paraflanma qərarını verməsi Azərbaycanın hər iki tələbi ilə prinsipial razılığının əlamətidir.

Əbu-Dabi danışıqlarının ikinci mühüm və açıqlanan nəticəsi isə regionumuzun gələcək iqtisadi inkişafı və rifahı ilə bağlıdır. Söhbət fəaliyyətə başlayacaq Zəngəzur dəhlizinə dair çalışmaların intensivləşdirilməsindən gedir. Görüş ərəfəsində və sonra Qərb mediasında aktiv şəkildə müzakirə edilən bəzi məqamlar Zəngəzur dəhlizinin gələcək fəaliyyəti mövzusunun gündəmdə olduğuna işarədir. Hadisələrin bu istiqamətdə cərəyan edəcəyi ssenarisi o deməkdir ki, beş ilə yaxındır bu mövzu ilə regional prosesləri bəhanə edib öz geosiyasi mövqelərini möhkəmlətmək istəyən bir sıra xarici aktorların arqument manevrləri xeyli zəifləmiş olur. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, kənar qüvvələrin regionumuzda baş verən hadisələrin gedişindən istifadə edib siyasi maraqlarını təmin etməsinin neytrallaşdırılması indi əsasən rəsmi İrəvandan asılıdır. Bu, Ermənistana dərin iqtisadi tənəzzül və siyasi dalandan çıxmaqla yanaşı, onilliklər boyu qüvvədə olmuş "forpost-vassal" formatından qurtulmağa da imkan verər.

Lakin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ətrafında gedən müsbət proseslər müəyyən maraqlı tərəfləri qane etmir və onlar sülh sazişinin imzalanması istiqamətində əldə olunan razılaşmaları həzm edə bilmirlər. Məsələn, iki dövlət arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyişin baş verdiyi bir dövrdə 87 ermənipərəst amerikalı konqresmenin ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək, ermənilərin "Dağıq Qarabağa" qayıtmasına dəstək verilməsinə çağırışları sülh prosesinin pozulmasına hesablanmış təxribatçı əməldən başqa bir şey deyil. Müraciəti ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frank Paloni Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər imzalayıblar. Bu şəxslər erməni lobbisinin müxtəlif aksiyalarının iştirakçısı olmaqla seçkilər zamanı erməni diasporundan külli miqdarda ianələr alıblar. Onların məqsədi hər vəchlə sülh prosesinə mane olmaq, Vaşinqton-Bakı münasibətlərinin normal məcraya qayıtmasına imkan verməmək olub. Həmin konqresmenlər ABŞ-nin mürəkkəb siyasi sisteminin bürokratik labirintlərindən istifadə etməklə fərqli illərdə administrasiyanın Azərbaycanla normal münasibətlər qurmaq təşəbbüslərinə zərbələr  vurublar. Elə son təşəbbüsün də əsas məqsədi dəyişməz olaraq qalır.

Ermənilərdən çox erməni olan fransalı qanunvericilər

İyulun 22-də Fransa Milli Assambleyasındakı "Sağ Respublikaçılar" fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə qrupun sədr müavini Aleksandr Marten "Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan "artsax siyasi məhbusları"nın azad edilməsini tələb etmək məqsədini daşıyan" Avropa Qətnaməsi təşəbbüsünü irəli sürmələri həmin xəttin davamıdır. Fransalı deputatların bu təşəbbüslərinin fəsadları təkcə ölkələrinin parlament divarları ilə məhdudlaşmır. Belə qızışdırıcı çağırışlar Ermənistandakı revanşist qüvvələrdən tutmuş müxtəlif ölkələrdə fəaliyyəti şər və böhtan üzərində qurulmuş erməni diasporu və lobbisində də çaxnaşma yarada bilər. Azadlığı tələb edilən "erməni siyasi məhbuslar"ı hərbi cinayətdə təqsirləndirirlər. Bütün dünya bunu bilir və qəbul edir. Onların üzərində qurulmuş ədalət mühakiməsi hələ dünyanın heç bir ciddi dövləti və beynəlxalq təsisatının iradına səbəb olmayıb. İndi isə tərəflərin real sülh və regionun postmüharibə gündəmini müzakirə etdikləri zaman Fransada deputatların sözügedən təşəbbüsə imza atmaları açıq-aydın şəkildə nizamlanma prosesinin nişangaha alınması deməkdir. Hədəf sülh sazişidir. Bu da onu təsdiq edir ki, ölkəmizə qarşı aparılan riyakar kampaniyanın arxasında prezident Emmanuel Makronun administrasiyası dayanır. Azərbaycan dövləti öz qətiyyətli siyasəti ilə Fransa üzərində qlobal səviyyədə siyasi-diplomatik qələbə qazanıb, bu ölkəni danışıqlar prosesindən də kənarda qoyub. Əbu-Dabidəki görüşün Fransanın iştirakı olmadan keçirilməsi isə E.Makronu qəzəbləndirib və ciddi rahatsız edib.

Təbii ki, Azərbaycan Fransanın sülh prosesinin pozulmasını  hədəfə alan əməllərini və təzyiq cəhdlərini qətiyyətlə dəf edəcək. Eyni zamanda respublikamız bundan sonra da Fransa hakimiyyətinin həqiqi simasını bütün dünyaya bəyan edəcək. 

Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ 

Artıq sirr deyil ki, hazırda Bakı-Vaşinqton münasibətləri olduqca müsbət ruhda inkişaf etməkdədir və tərəflər bu dinamikanı gizlətmirlər. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda Donald Trampın münasibətlərimizin normal məcraya dönməsi prosesindəki rolunu yüksək qiymətləndirməsi, ABŞ Prezidentinin isə öz növbəsində azərbaycanlı həmkarının çıxışının bu hissəsini özünün sosial şəbəkə hesabından paylaşması ikitərəfli əlaqələrdə yeni mərhələnin başlandığını sübut edir. Odur ki, ermənipərəst konqresmenlərin dərhal toplaşaraq administrasiyaya məlum müraciəti ünvanlamaları təsadüfi deyil. Onları Azərbaycan Prezidentinin bu bəyanatı daha çox narahat edir: "Tramp müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun".

Tramp hakimiyyətinin Azərbaycanla bağlı siyasəti bir tərəfdən tərəfdaşlığın bərpası və möhkəmləndirilməsinə, digər tərəfdən isə Cənubi Qafqazın ən köklü münaqişəsinin birdəfəlik həllinə dəstək verməyə hesablanıb. Vaşinqtonda yaxşı anlayırlar ki, dünyanın hazırkı həssas dövründə yekun sülhün əldə edilməməsi bölgəmizdən keçən və keçəcək qlobal meqalayihələrin qarşısını alır və ya ən azı icrasını ləngidir. Ağ Evdə problemin tam həll edilməmiş qalmasına yalnız iki dövlətin arasındakı münaqişə və ziddiyyətlər deyil, buna daha miqyaslı prizmadan yanaşırlar. Tramp öz təsir imkanlarından istifadə edərək dünyanın müxtəlif nöqtələrində davam edən, yaxud potensial münaqişə ocaqlarının söndürülməsinə çalışır və bu istiqamətdə ciddi uğurlar əldə edir. Son bir ay ərzində ABŞ Prezidenti problemə və onun həllinə iki dəfə toxunub, tərəflərin illərlə davam edən münaqişənin həll nöqtəsinə çatdıqlarını bildirib və rəsmi Vaşinqtonun bu prosesdəki rolundan bəhs edib.

Administrasiyaya müraciət imzalayan 87 konqresmeni və onların arxasında duran qüvvələri də rahatsız edən başlıca amil budur. Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması bu şəxslərlə yanaşı, onlara külli miqdarda pul xərcləyən dairələrin mövcudluğunun aktuallığını itirməsi deməkdir. ABŞ-nin erməni diasporu və lobbisinin fəaliyyətinin məntiqi onminlərlə azərbaycanlının qanının tökülməsi, ölkəmizə qarşı 907-ci maddə kimi ədalətsiz qərarların qəbul edilməsi, Türkiyə ilə düşmənçiliyi davam etdirib Amerika cəmiyyətində türk anlayışına nifrətin aşılanması üzərində bərqərar olub. Bayden kimi prezidentlərin hakimiyyəti dövründə bu məqsədə çatmaq çətin deyildi və ermənipərəst qanunvericilərin qarşısında icraedici hakimiyyətin bütün qapıları açıq idi. İndi isə zəmanə dəyişib, Tramp nəinki onlara qol-qanad açmağa imkan verir, hətta bəzi erməni lobbisi təmsilçilərinin anti-ABŞ fəaliyyətlərini belə özü ifşa edir. Menendez və Şiff kimilərinin rüşvət çirkabına bulaşmalarına dair mütəmadi bəyanatların müəllifi məhz Prezident Trampdır. Erməni diasporu və lobbisini də təlaşa salan, hürküdən əsas amil məhz budur.

Ümumiyyətlə, erməni diasporu, onun lobbiçiliyini edən ABŞ konqresmenləri həmişə Ermənistanı müharibəyə və səfalətə sürükləyiblər. İstər ABŞ-də, Fransada və ya hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, erməni lobbisi hər zaman bu ölkəni müharibəyə cəlb etmək üçün maliyyə və siyasi dəstəyini əsirgəməyib. Ona görə Ermənistanın bu gün düşdüyü acınacaqlı vəziyyətin, regionda təcrid olunmuş hala düşməsinin əsas səbəbkarlarından biri xarici ölkələrdəki erməni lobbisidir. Bu cür lobbiçilik Ermənistanı yalnız rəzil vəziyyətə salıb. 

ABŞ konqresmenlərinin bu müraciəti həm də Prezident Donald Trampın özünə qarşı yönəlib. Məlum olduğu kimi D.Tramp birinci prezidentliyi dövründə Ermənistan-Azərbaycan münaqişəsinə neytral yanaşıb. İkinci Qarabağ müharibəsi zamanı isə Tramp administrasiyası beynəlxalq hüquqa əsasən güc yolu ilə öz ərazilərini işğaldan azad edən Azərbaycana qarşı çıxmayıb. Trampın bu ədalətli yanaşması həmin vaxt ABŞ-nin siyasi və iqtisadi gücündən istifadə etməyə alışmış erməni lobbisinin narazılığına səbəb olmuşdu. 

D.Trampın ABŞ-yə ikinci prezidentliyi dövrünün reallıqları da birinci prezidentliyi dövründən fərqlənmir. ABŞ lideri bu gün sülh gündəliyini dəstəkləyən bəyanatlar verir. Bu isə Cənubi Qafqazı qan çanağına döndərməyə çalışan erməni lobbisi və digərlərinin maraqları ilə qətiyyən uzlaşmır. Bu mənada Trampı "ermənilərin Qarabağa qayıdışı" tələbinə qoşulmağa çağıran konqresmenlərin niyyəti sülh prosesini ləngitmək, ABŞ Prezidentinin dəstək verdiyi sülh gündəliyini aradan qaldırmaqdır. 

Lakin bu cür təxribatçı əməllərin dövrü artıq keçib. Bu gün Azərbaycanın regionda yaratdığı reallıqları heç bir qüvvə dəyişmək iqtidarında deyil. Ona görə də ABŞ-də və ya Fransada fəaliyyət göstərməsindən asılı olmayaraq erməni lobbisinin riyakar, anti-azərbaycançı əməlləri və ya Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmaq cəhdləri imkansızdır. Təbii ki, təxribatçı əməllər iflasa uğrayacaq.

İradə ƏLİYEVA,

"Azərbaycan"

1Sources