EN

Qırmızı Xaç Bakıda məhkəməsi gedən erməni separatçılardan imtina etdi(?)... 2 şok səbəb...


Mübariz Göyüşlü: “Bəlkə Ermənistanda Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndəliyi ilə hansısa bir sövdələşmə var ki...”

Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndə heyəti Bakı həbsxanasında saxlanılan erməni separatçılarının yaxınlarına bir daha onlara baş çəkə bilməyəcəklərini bildirib.

“Bizə dedilər ki, Qırmızı Xaç onlara ümumiyyətlə baş çəkməyəcək və onların artıq heç bir əlaqəsi yoxdur”. Bunu Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərin yaxınları bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvandakı nümayəndəliyi Bakıda mühakimə olunan erməni əsilli şəxslərin yaxınlarına deyib ki, artıq onlarla əlaqə saxlamayacağıq. Onların qohumları da deyirlər ki, bizim yeganə əlaqəmiz bu komitə idi, komitə də bizə bir xəbər verməyəcək deyə ümidimiz itdi və s.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvandakı nümayəndəliyinin dediklərinə yanaşmada ekspertlər arasında iki rəy mövcuddur. Bir versiyaya görə, Qırmızı Xaç Komitəsinin erməni separatçılara baş çəkməkdən imtinası onunla bağlıdır ki, bu qurumun Bakı nümayəndəliyi bu yaxınlarda fəaliyyətini dayandırıb Azərbaycandan gedir. Belə bir versiya da var ki, hətta İrəvandakı nümayəndəlik də onlardan xəbər öyrənməkdən, vəziyyətləri ilə maraqlanmaqdan imtina edib. Çünki onlarla bağlı Ermənistanda o qədər spekulyasiyalar var, o qədər yalan məlumatlar yayılıb ki, artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndəliyi də Bakıda saxlanılan ermənilərlə maraqlanmaq istəmir.

Bilirik ki, ermənilər dəfələrlə yalandan iddia ediblər ki, guya burda onlara hansısa işgəncə verilib, guya onları içəridə pis vəziyyət saxlayırlar, guya informasiya blokadasına alınıblar, guya ailələri ilə danışmaq üçün telefon vermirlər, guya qaldırdıqları vəsatəti nəzərə almırlar və sair. Onların ətrafında o qədər yalanlar, manipulyasiyalar var ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bu yalanlardan bezib, ona görə də əlaqə saxlamaqdan imtina edib.

Ekspertlər deyir ki, əslində, separatçılarla bağlı dezinformasiyalar da onları narazı salır, çünki necə dəfə olub, onlar gəliblər və görüblər ki, ermənilərin iddiası doğru deyil. Bəyanat yayıblar ki, hər şey qaydasındadır, bu da erməniləri qıcıqlandırıb. Hətta komitəyə qarşı kampaniya da aparıblar, bu qurumun İrəvan nümayəndəliyi qarşısında dəfələrlə aksiya da keçiriblər.

“...Açıqlamanın arxasında başqa məsələlər də dayana bilər”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu davranışının özü ziddiyyətlidir. “Komitənin İrəvan nümayəndəliyinin Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərlə əlaqə saxlamayacaqlarına dair verdiyi açıqlamanın arxasında başqa məsələlər də dayana bilər. Hesab edirəm ki, onlar bu məsələni siyasiləşdirmək, ermənilərin ətrafında hay-küy yaratmaq istəyirlər. Bəlkə Ermənistanda Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndəliyi ilə hansısa bir sövdələşmə var ki, onlar geri çəkildiklərini desinlər, ardınca da məsələni siyasiləşdirməyə cəhd etsinlər.

Bu təşkilatın özü də bu məsələdən Azərbaycanın əleyhinə istifadə etməyə cəhd göstərə bilər”.

Komitənin Bakı nümayəndəliyinin fəaliyyətini dayandırdığından danışan ekspert qeyd etdi ki, o qurum və ona bənzər beynəlxalq təşkilatlar fəaliyyətlərini siyasi və destruktiv mövqelərinə görə dayandırılıblar. O hesab edir ki, bu məsələni ermənilər də, komitə də siyasiləşdirə bilər. Ekspert digər tərəfdən vurğuladı ki, Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərlə bağlı o qurumun yanaşması xeyli şübhəli görünür.

Ekspertə görə, digər variant isə odur ki, Komitənin İrəvan nümayəndəliyi erməni saxtakarlığından bezdiyi üçün onlarla bağlı hər hansı bir informasiya vermək istəmir, çünki qurumun verdiyi məlumatlar da ermənilər tərəfindən saxtalaşdırılır: “Bu məsələ o qədər qarışıqdır ki, burda söhbət qurumun İrəvan nümayəndəliyinin separatçılar haqda onların ailələrinə məlumat verməkdən imtina etməsindən də, məsələni sırf siyasiləşdirmək cəhdlərindən də gedə bilər. Onlar “Azərbaycanda BQXK-nın nümayəndəliyi fəaliyyətini dayandırdığı üçün biz informasiya ala bilmirik”kimi fikirləri də ortaya atıb manipulyasiya ilə məşğul ola bilərlər ”.

İradə SARIYEVA

Chosen
41
baki-xeber.com

1Sources