EN

“Bir ürək döyünürdü” – Övlad qatili, ya məcbur qalan qadın?

Azərbaycanda abort məsələsi uzun illərdir müzakirə mövzusudur. Bəziləri bu abortun ləğvini zəruri hesab edir, digərləri isə bunu qadınların seçim azadlığına müdaxilə kimi görür. Son illərdə bəzi ölkələrdə abortun tamamilə qadağan edilməsi gündəmə gəlincə Azərbaycanda da belə bir addımın mümkün olub-olmaması suallar doğurur.

Əvvəlcə statistikanı xatırladaq ki, ölkədə abortla bağlı vəziyyət aydınlaşsın: Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə 78 245 abort qeydə alınıb. 15-17 yaş üzrə 72, 18-19 yaş üzrə 2 679, 20-24 yaş üzrə 13 054, 25-29 yaş üzrə 23 468, 30-34 yaş üzrə 23 645, 35-49 yaş üzrə 15 239 abort olub. Yəni ən çox abort 25-34 yaş arasında olan qadınlar arasında yayılıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə 73 816 abort qeydə alınmışdı. Yəni artım göz önündədir.
 

Məlumdur ki, abortlar arzu olunmayan və planlaşdırılmamış hamiləliyin nəticəsidir. Düşünülməmiş, yaxud əhəmiyyət verilməmiş “addım” hər nə qədər hələ formalaşmamış “döl” desək də bir canın doğulma şansını əlindən alır.  Azərbaycanda qadınlar hamiləliyin 12-ci həftəsinə kimi öz istəkləri ilə abort etdirə bilərlər. 12-ci həftədə dölün ürəyi dəqiqədə 100-160 dəfə döyünür. Qan damarları əmələ gəlir. Həzm sisteminin ən böyük vəzi olan - qaraciyər öd ifraz etməyə başlayır. Üz formalaşır və artıq dölün cinsini təyin etmək mümkün olur. Göründüyü kimi o artıq bir insandır və öz valideyninin razılığı ilə həyatı əlindən alınır!


Buna görə də abort tamamən qadağan olunmasa da edilmə vaxtı 6-8 həftəyə düşürülməlidir. Hər halda qadın bu müddət ərzində uşağı istəyib-istəmədiyini dərk edib qərar verə bilər ki, “övlad qatili” olub günah işləməsin. Aydındır ki,  təbliğat, maarifləndirmə, “aman günahdı” kimi dini təşviq də heç bir effekt vermir. Ona görə də daha ciddi və hüquqi tədbirləri görülməsi zərurəti ortaya çıxır.  

Tibb üzrə ekpert Rasif Bağırov mövzuyla əlaqədar Bizim Media-ya deyir ki, digər ölkələrdəki kimi Azərbaycanda abortun tamamən qadağan olunması ağlabatan görünmür:

“Hələ ki, ölkəmizdə abortun tamamən ləğv edilməsi kimi məsələnin qaldırılmasına ehtiyac yoxdur. Düzdür, Azərbaycanın müasir ailələrində əvvəlki kimi çox uşaq olmur, indi qadınlarım çoxu 2 uşaqla kifayətlənir. Amma ölkədə demoqrafiq vəziyyət qorxulu deyil. Hər ölkənin demoqrafik vəziyyətindən asılı olaraq abort məsələsinə münasibət dəyişir. 
 

Məsələn Çin kimi ölkədə əhali çox olduğundan uşaq sayını da çox etmirlər. Amma Avropa ölkələri, eləcə də qonşu Rusiyada demoqrafik vəziyyət qənaətbaxış deyil. Ölkədə qocaların sayı cavanlardan çox olduğu və əhali azalmağa doğru getdiyi üçün hökumət bu istiqamətdə daha sərt tədbirlər görməyə məcbur olur. İnkişaf etmiş Avropa ölkələrində də həmçinin dövlət buna demoqrafik problem kimi baxır və onu təcili tənzimləməyə çalışır”.


Ekspert diqqətə çatdırır ki, qərb dövlətlərində qadınlar buna görə aksiyalar keçirirlər ki, seçimlərimizə özümüz nəzarət etməliyik. Nəyə görə uşağı istəyib-istəməməyimizə dövlət qərar verməlidir?! Elə bizdə də işləyən, karyera planlayan  qadınlar belə qadağanı şəxsi həyata müdaxilə kimi qəbul edə bilərlər.

Xülasə, belə sərt addımın atılmasının gərgin, ictimai haçalanma yaradacağını nəzərə alsaq, yenə də ümid qadınların vicdanına qalır.   

Şəfiqə Şəfa, Bizim.Media

Chosen
12
bizim.media

1Sources