TASS agentliyinin İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün sökülməsi ətrafında yaratdığı səs-küyə şərh verməzdən əvvəl bir neçə suala cavab vermək lazımdır.
Bunu “Report”a politoloq Ülviyyə Zülfiqar deyib.
“Rusiyanın sülhməramlıları müvəqqəti yerləşdiyi bir ölkənin ərazisində hansı hüquqi əsasla belə bir abidə “ucaldıblar”? Kim onlara bu icazəni vermişdi? Azərbaycan dövlətindən icazə almışdılarmı? Əgər bu məsələ rəsmi Bakı ilə razılaşdırılmamışdısa, bu, açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə idi”, - politoloq bildirib.
TASS informasiya agentliyinin bu məsələyə reaksiyasına toxunan Ü.Zülfiqar hesab edir ki, bu qurum, onilliklər boyunca işğal dövründə dağıdılmış Azərbaycan məscidlərinə, məzarlıqlarına, tarixi - mədəni abidələrinə dair bir dəfə də olsun eyni dərəcədə sərt və prinsipal reaksiya verməyib:
“Bu, obyektiv media davranışı deyil, açıq-aşkar tərəf tutmaqdır. Bu, hansı tərəfin mövqeyinə daha çox önəm verildiyinin açıq göstəricidir”.
Onun fikrincə, Xankəndi adının rəsmi sənədlərdə də istifadə edildiyi bir vaxtda Rusiya mediasının “Stepanakert” adından israrla istifadə etməsi, daha sonra isə həmin “adı” tarixin zibilxanasına getmiş “Naqorno Karabax” ilə əvəzləməsi qərəzli yanaşmadan başqa bir şey deyildir.
“Bu təkcə tarixi saxtalaşdırmaq deyil, həm də separatçılığa, keçmiş işğal dövrünün “ruhunu” dirçəltməyə xidmət edir”.
Politoloq hesab edir ki, TASS-ın reaksiyası bir daha sübut edir ki, Rusiya mətbuatının müəyyən təbəqələri öz missiyalarını sadəcə informasiya yaymaq deyil, həm də siyasi təzyiq vasitəsi kimi görürlər.
“Lakin unudulmamalıdır ki, Azərbaycan artıq öz sözünü beynəlxalq tribunalar səviyyəsində deyən, suverenliyinə və tarixi yaddaşına hörmət tələb edən güclü bir dövlətdir. Düşünürəm ki, bu hadisə təsadüfi deyil. Rusiyanın son vaxtlar Azərbaycanla gərginləşən münasibətlər fonunda bu cür qərəzli “jestlər”-i ardıcıllıq təşkil edir. TASS-ın “təəsübkeşliyi” də bu zəncirin həlqələrindən ola bilər”.