EN

“Konstitusiya və Suverenlik İli” Azərbaycanın ideoloji yüksəliş mərhələsidir

Bakı, 1 avqust, AZƏRTAC

Suverenlik ideyası Azərbaycan xalqının tarix boyu apardığı mübarizələrin ruhunu təşkil edib. Ən qədim dövrlərdən bəri müxtəlif imperiyaların tərkibində yaşayan xalqımız hər zaman öz milli iradəsini qoruyub saxlamağa çalışıb. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, parlamentli və dünyəvi respublika kimi tarixə düşərək suverenlik arzusunun ilk təcəssümü olub. Lakin cəmi 23 ay yaşayan Cümhuriyyət süqut etdikdən sonra xalqımızın suverenlik arzusu susdurulsa da, məhv olmayıb. Sovet totalitarizminin sərt şərtləri altında belə, milli özünüdərketmə və azadlıq düşüncəsi davam edib. Nəhayət, 1991-ci ildə sovet imperiyasının çökməsi fonunda Azərbaycan xalqı yenidən dövlət müstəqilliyini bərpa edib. Lakin müstəqillik yalnız rəsmi sənədlərdə deyil, real həyatda, ölkənin bütün ərazilərində və hüquqi sistemində də reallaşmalı idi. 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı başlatdığı qanlı müharibə isə bu dəyərləri həyata keçirməyə imkan vermədi. Əksinə, Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdi, hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparıldı, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edildi, ölkəmizin təbii resursları talan olundu, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədildi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Siyəzən Rayon Məhkəməsinin sədri Bəylər Ələkbərovun “Konstitusiya və Suverenlik İli” Azərbaycanın ideoloji yüksəliş mərhələsidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra dağılmaq, məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanda vəziyyət tədricən normal axarına qayıtdı. Heydər Əliyev müstəqil ölkənin dayaqlarını möhkəmlətdi, onu xarici təsirlərdən qorudu, ölkədə vətəndaş qarşıdurmasına can atanların qarşısına qalın sədd çəkdi. 1995-ci ildə müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Bu sənəd yalnız dövlətin hüquqi çərçivəsini deyil, eyni zamanda, onun mahiyyətini, xalqın iradəsini, hakimiyyətin bölünməsini və vətəndaş hüquqlarını bütün dünyaya bəyan edirdi. Konstitusiyanın 12-ci maddəsində deyildiyi kimi: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Bu fikirin arxasında suverenliyin təməl prinsipi dayanır: yəni, xalq öz taleyini özü müəyyən etməlidir.

Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycanın müstəqilliyi hüquqi xarakter aldı, Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində ölkəmiz hüquqa əsaslanan müasir dövlət modeli ilə dünya birliyinə daxil oldu. Lakin konstitusiya ilə təsbit edilmiş hüquqların bütün ölkə ərazisində həyata keçirilməsi mümkün deyildi, çünki ərazilərimizin 20 faizi işğal altında idi. 1 milyona yaxın insanın doğma torpaqlarından didərgin düşməsi, məcburi köçkünə çevrilməsi suverenliyin faktiki məhdudlaşdırılmasına gətirib çıxarmışdı. Müstəqilliyin bərpasından keçən 30 il ərzində Azərbaycan gücləndi, Azərbaycan özünün siyasi, iqtisadi və hərbi müstəqlliyini təmin etdi, güclü ordu yaratdı. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Bu, Azərbaycanın tarixində dönüş nöqtəsi idi. Uzun illər ərzində beynəlxalq hüququn tanıdığı, lakin real nəzarətdən kənarda qalan Qarabağ və ətrafındakı yeddi rayon Azərbaycanın suverenliyi altına qaytarıldı. Bu, yalnız hərbi deyil, həm də siyasi və diplomatik uğurun nəticəsi idi.

Azərbaycan Ordusu yüksək peşəkarlıq, texniki üstünlük və strateji planlama sayəsində Ermənistanın illərlə qurduğu müdafiə xəttini qısa zamanda yararaq irəlilədi. Müharibənin gedişində Şuşa şəhərinin azad olunması həm hərbi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Ona görə də bu Zəfər yalnız torpaqlarımzıın azad edilməsi deyil, həm də milli ləyaqətimizin, tarixi ədalətin bərpası ilə əlamətdardır. Bu Qələbə, eyni zamanda, Azərbaycana bölgədə yeni geosiyasi reallıq yaratmağa imkan verdi. Azərbaycan regionda əsas güc mərkəzinə çevrildi. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, dövlətin siyasi iradəsini və Ordunun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə gələcək nəsillər üçün milli qürur və özünəinamın təməlini qoydu.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Prezident İlham Əliyev ötən il imzaladığı Sərəncamla sentyabrın 20-sini “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü” kimi təsis etdi. Sərəncamda qeyd edildiyi kimi, “Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”. Dövlət başçısının Sərəncamında o da vurğulanır ki, “hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Bu baxımdan Azərbaycanda “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi həm tarixi, həm də müasir dövlətçilik fəlsəfəsinin inkişafında strateji mahiyyət daşıyır. Bu, Azərbaycan dövlətçiliyinin əsrlər boyunca formalaşmış suverenlik idealının hüquqi, siyasi və ideoloji müstəvidə yenidən mənalandırılmasıdır. Təbii ki, bu uğurun təməlində bizim parlaq Qələbəmiz dayanır. Çünki bu Qələbə yalnız döyüş meydanında deyil, diplomatik və psixoloji cəbhədə də Azərbaycan xalqının iradəsinin təntənəsinə çevrildi. Bir neçə aydan sonra tarixi Zəfərimizin 5 illiyini qeyd edəcəyik və bu yubiley artıq təkcə hərbi Qələbənin deyil, real suverenliyin beşillik təntənəsi kimi yadda qalacaq.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin bu il konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi də ölkəmizin Vətən müharibəsindən sonra yaratdığı yeni reallığa əsaslanırdı.

Suverenliyin təməl daşı hüquqdur. Azərbaycan da son illərdə məhkəmə-hüquq islahatlarını prioritet sahələrdən birinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaş-məhkəmə əlaqələri daha şəffaflaşıb, hakimlərin seçimində şəffaflıq və peşəkarlıq meyarları gücləndirilib, icra mexanizmləri təkmilləşdirilərək hüquqi qərarların reallaşması təmin olunub, insan hüquqları üzrə fəaliyyət mexanizmləri beynəlxalq standartlara uyğunlaşdırılıb. Bütün bu islahatlar suveren dövlətin yalnız hüquq sistemini deyil, xalqın dövlətə olan inamını da gücləndirib. Bu prizmadan çıxış edərək deyə bilərik ki, 2025-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlər yalnız dövlət institutları və hüquq müstəvisi ilə məhdudlaşmamalı, suverenlik düşüncəsi ictimai şüura, təhsilə, mədəniyyətə, mediaya və ailəyə qədər nüfuz etməlidir. Bu baxımdan “Konstitusiya və Suverenlik İli” həm də ideoloji yüksəliş mərhələsi olmalıdır. Çünki Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi həm də Azərbaycanın gələcək strateji hədəflərinə yönəlmiş ideoloji xəritənin təqdimidir. Biz bu il vasitəsilə yalnız keçmişə deyil, həm də gələcəyə baxırıq. Bəli, Vətən müharibəsində əldə olunan parlaq Qələbə ilə suverenliyin ərazi konturları artıq tamamlanıb, 2025-ci ildə isə bu suverenliyin hüquqi, ictimai, siyasi və mədəni çərçivələri tamamlanmalıdır.

Chosen
9
1
azertag.az

2Sources