EN

İşğal zamanı qoyulmuş qanunsuz abidələrin və tikililərin sökülməsi Azərbaycan dövlətinin suveren hüququdur

Kremlin “xeyir-dua”sı ilə son günlərdə Azərbaycana qarşı “səlib yürüşü”nə çıxmış şovinist-millətçi Z-blogerlərin cərgəsinə Rusiyanın rəsmi mediası da qoşulub. Xankəndidə qanunsuz olaraq qoyulmuş erməniəsilli rusiyalı rəssam İvan (Ovanes) Ayvazovskinin abidəsinin sökülməsi Rusiya mediasının Azərbaycana qarşı təxribata start verməsi üçün bəhanə rolunu oynadı. Ayvazovskinin sözügedən büstü 2021-ci ilin dekabrında Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşdirilmiş keçmiş sülhməramlı kontingent tərəfindən onun mandatına zidd olaraq Xankəndidə yerləşdirilmişdi. Bu gün həmin abidənin və bu qəbildən olan digər qanunsuz abidələrin və tikililərin sökülməsi Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi qondarma abidələrin saxlanılması və ya sökülməsinə heç kim kənardan göstəriş verə bilməz. Bu cür qərarlar qəbul etmək səlahiyyəti yalnız və yalnız Azərbaycan dövlətinə məxsusdur.

Lakin görünən budur ki, son vaxtlar yenidən ermənipərəstlik xəstəliyinə tutulan Rusiya rəhbərliyi isə bu məsələyə tamamilə fərqli aspektdən yanaşır. Ona görə də məhz Kremlin göstərişi ilə TASS, RİA Novosti, “Kommersant”, RBK, “İzvestiya” “Gazeta.ru” və s. kimi nüfuzlu Rusiya KİV-ləri Ayvazovskinin abidəsinin sökülməsi barədə məlumat verərkən Azərbaycanın ərazi bütövlüyünü pozan və beynəlxalq səviyyədə tanınmış sərhədlərini şübhə altına alan ifadələrdən istifadə ediblər. Həmçinin, Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da Kremlin tapşırığı ilə anti-Azərbaycan kampaniyasına qoşularaq, Ayvazovskinin büstünün sökülməsinə dair açıqlamasında, guya, Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” kimi əsassız iddia ilə çıxış edib.

Rusiyanın aparıcı media qurumları Xankəndi şəhərini “Stepanakert” kimi təqdim etməyə, Qarabağımızı “Naqornı Karabax” və ya “Artsax” kimi qeyd etməyə başlayıblar. Rusiyanın rəsmi qəzetlərinin və eləcə də özünü “müstəqil” kimi təqdim edən Kremlə yaxın informasiya agentliklərinin Azərbaycanın suveren ərazi-inzibati vahidlərini qondarma erməni adlarıyla təqdim etməsi, Şvıdkoyun isə ağ yalana əl atması heç şübhəsiz ki, planlı addımdır. Kremlin günahı və yanlış imperiya siyasəti üzündən Rusiya-Azərbaycan münasibətlərinin gərgin fazaya keçməsindən sonra rəsmi Moskva yenidən əvvəlki ermənipərəst siyasətinə qayıdıb. Rusiya mətbuatının bizim inzibati-ərazi vahidlərimizin adlarını qəsdən “erməniləşdirməyə” başlaması da məhz bundan qaynaqlanır.

Lakin Kreml unudur ki, Azərbaycana qarşı bu cür qeyri-dost addımlar həm beynəlxalq hüquqa, həm də qonşuluq və müttəfiqlik münasibətlərinin ruhuna tamamilə ziddir. Rusiya KİV-lərinin bunu görməzdən gəlməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş terminlərdən israrla istifadə etməsi onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinə xidmət edir. Eyni zamanda, bu proseslər həm də onu göstərir ki, Rusiya yaxşı qonşu olmağı bacarmır və istəmir. Çünki Rusiyanın məqsədi Azərbaycanla və Cənubi Qafqazın digər respublikaları ilə bərabərhüquqlu münasibətlər qurmaq yox, bu regionda özünün dominant rolunu, nəzarət imkanlarını qoruyub saxlamaqdır. Bu da o deməkdir ki, Rusiya rəhbərliyi reallıq hissini itirib, Rusiya mediası isə Kremlin sərsəm göstərişlərinin icraçısına çevrilib. Lakin Putin Rusiyası istəməsə də belə, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağı öyrənəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Chosen
52
ictimairey.az

1Sources