EN

Lavrovdan doğru xəbər: “ATƏT-in Minsk qrupu mənasını itirib” – Rusiya Bakının mövqeyini təsdiqləyir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Helsinki Aktının yarım əsri: gözləntilər, reallıq, perspektivlər” adlı məqaləsində Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun uğursuzluğunu vurğulayıb.

Turkustan.az xəbər verir ki, məqalə Rusiya hökumətinə bağlı RG.ru saytında dərc olunub.

Lavrov bildirib ki, ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk qrupu Qarabağda effektiv fəaliyyət göstərə bilməyib. Onun sözlərinə görə, bu struktur münaqişə tərəfləri arasında real dialoq qurmaqda aciz qalıb:

“Minsk qrupu nə dialoqu təmin edə bildi, nə də tərəfləri masa arxasına gətirə bildi. Qərb iştirakçılarının Rusiyayla əməkdaşlıqdan imtina etməsi bu mexanizmi tamamilə mənasız hala gətirdi,” – deyə Lavrov qeyd edib.

Bu açıqlama, əslində, Azərbaycan dövlətinin son illərdə ardıcıl şəkildə səsləndirdiyi fikirləri təsdiqləyir. Bakı dəfələrlə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini, prosesi süni şəkildə uzatdığını və ədalətli həllə mane olduğunu bildirmişdi. 2020-ci ildə Azərbaycan Ordusunun zəfəri ilə başa çatan 44 günlük müharibə də Minsk formatının əhəmiyyətsizliyini faktiki olaraq sübut etmişdi.

Azərbaycan rəsmiləri, xüsusilə də Prezident İlham Əliyev çıxışlarında bu formatın ömrünü başa vurduğunu və real sülhə mane olan simvolik strukturdan başqa bir şey olmadığını dəfələrlə vurğulamışdı.

Lavrovun bu məqalədə açıq şəkildə Minsk qrupunun bitdiyini bəyan etməsi Rusiya tərəfindən, yəqin ki, istəmədən, Azərbaycanın bu mövqeyini haqlı çıxarır. Bu, həmçinin Ermənistan və Qərb dairələrinin “Minsk prosesi”ni diriltmək cəhdlərinə qarşı ciddi cavabdır. Xatırladaq ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamasının iki şərtindən biri Minsk Qrupunun ləğvidir.

Qeyd edək ki, bəzi Qərb paytaxtları – xüsusilə Fransa – 2023-cü ildən sonra Minsk qrupunun bərpasını gündəmə gətirməyə çalışsa da, rəsmi Bakı, bu təşəbbüsləri əsasız və keçmişdə ilişib qalmış mexanizmlər kimi dəyərləndirib.

Nəticə olaraq, Lavrovun son açıqlaması Cənubi Qafqazda yeni reallıqların Rusiya tərəfindən də qəbul edildiyini və Qarabağ məsələsinin beynəlxalq spekulyasiyalarla deyil, Bakı tərəfindən qurulan yeni regional formatlar vasitəsilə həll olunmasının əsas yol olduğunu göstərir./Musavat.com

Chosen
14
2
turkustan.az

3Sources