EN

“Bakı Dialoqları” jurnalının 2025-ci il yay buraxılışı nəşr olunub

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının yay buraxılışı işıq üzü görüb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, bu buraxılışda regional siyasət, çoxtərəfli diplomatiya və qlobal çağırışlar kontekstində aparılan müzakirələri əks etdirən analitik məqalələr yer alır.

Buraxılışın əsas müsahibəsi Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə aparılıb. “Azərbaycanın çoxtərəfli diplomatiya mövqeyi” sərlövhəli müsahibədə ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlıq prioritetləri və çoxtərəfli platformalardakı rolu ətraflı təqdim olunur.

Nəşrdə, həmçinin Azərbaycanın yaşıl enerji gündəliyindəki artan rolu vurğulanır. Xəzər-Qara dəniz enerji dəhlizi vasitəsilə regional inteqrasiya təşəbbüsləri, həmçinin “yaşıl enerji diplomatiya” çərçivəsində enerji təhlükəsizliyinə töhfələr geniş şəkildə təqdim edilir.

Jurnalın “D-8 və Azərbaycan: “İslam Səkkizliyi” və qlobal güc tarazlığındakı dəyişikliklər” adlı məqaləsində isə Azərbaycanın bu platforma çərçivəsində mövqeyi və əməkdaşlığın genişlənməsi imkanları araşdırılır.

Nəşrdə Cənubi və Mərkəzi Asiyada regional təhlükəsizlik və əməkdaşlığı təşviq edən CICA (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) çərçivəsində Azərbaycanın üzvlüyünün yaratdığı imkanlar və bu platformadakı sədrliyinin optimallaşdırılması yolları müzakirə olunur.

Digər əsas başlıq “Dəyişən geosiyasət” qlobal güc balansındakı transformasiyaları və beynəlxalq aktorların mövqelərini təhlil edən məqalələri təqdim edir. Bu bölmədə Avropa İttifaqının transformasiya yollarını qiymətləndirməklə onun hazırkı vəziyyəti və gələcək imkanları araşdırılır. Daha sonra “ABŞ İsrail–Azərbaycan ittifaqını niyə dəstəkləməlidir?” adlı məqalədə Azərbaycan-İsrail ikitərəfli tərəfdaşlığı dünya siyasətində daha geniş tendensiyaları əks etdirsə də, potensial olaraq genişlənə və ABŞ-a fayda verə biləcəyi vurğulanır.

Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.ada.edu.az saytına daxil ola bilərsiniz.

 

 

Chosen
11
3
tehsil.biz

4Sources