EN

Cəmiyyətin inkişafı üçün elmi kütləvi, mədəni maarif, təhsil proqramları vacibdir

ain.az bildirir, Bakivaxti portalına istinadən.

6.3.16. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Məlumdur ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması xüsusi bacarıq və qabiliyyət tələb edir.

Bakıvaxtı.az bildirir ki, ölkəmiz tarixən dünyanın elm-mədəniyyət ocaqlarından biri olub və bundan sonra da bu yolda irəliləməkdə maraqlıdır. Bu kontekstdə ölkəmizdə elmi-kütləvi, mədəni maarif təhsil proqramlarının hazırlanması istiqamətində nümunəvi addımlar atılıb. Məsələn, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Milli Elmlər Akademiyasının və ayrı-ayrı dövlət qurumlarının birgə səyləri, eyni zamanda televiziyaların bu istiqamətdə səylərinin birləşməsi nəticəsində yaxşı nümunələri görmək mümkündür. Xüsusilə 1999-cu ildə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olunduqdan sonra təhsil sistemində struktur dəyişiklikləri aparılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub və ümumiyyətlə, ötən əsrin sonlarından etibarən dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlamasına start verilib.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"nı təsdiq edib. Bu addımlar fonunda ölkəmizdə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişafı üçün daha münbit şərait yaradılıb.

Unutmaq olmaz ki, cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını təmin edən ən mühüm amillərdən biri onun təhsil sektorunu inkişaf etdirməkdir.

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Xüsusən də müasir dövrdə informasiya bolluğu, texnoloji inqilablar və sürətlə dəyişən sosial dəyərlər fonunda cəmiyyətin formalaşmasında elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının rolu əvvəlkindən qat-qat artıb. Bu proqramlar sadəcə bilik ötürmək və maarifləndirmək üçün vasitə deyil, həm də milli dəyərləri qorumaq, elmə marağı artırmaq, cəmiyyətin təfəkkür səviyyəsini yüksəltmək və innovativ düşüncəni təşviq etmək baxımından əvəzsizdir. Elmin cəmiyyətə sadə və aydın şəkildə çatdırılması, onu əlçatan və maraqlı hala gətirmək müasir informasiya dövrünün əsas çağırışlarındandır. Bu baxımdan elmi-kütləvi proqramlar mühüm missiya daşıyır.

Mədəni-maarif proqramları bir xalqın kimliyini, irsini və dəyərlərini yaşatmaqla yanaşı, onu gələcəyə daşıyır. Azərbaycanda bu sahədə Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya, Mədəniyyət kanalı və digər media orqanlarının fəaliyyətləri xüsusilə qeyd olunmalıdır. Tarixi şəxsiyyətlər, klassik ədəbiyyat, milli musiqi, xalq sənətləri, adət-ənənələr mövzusunda yayımlanan verilişlər mədəni yaddaşın qorunmasına və zənginləşdirilməsinə xidmət edir.  Bununla yanaşı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən "Mədəni İrsin Qorunması", "Yaradıcı Gənclik", "Milli Dəyərlər Həftəsi" kimi layihələr, regionlarda təşkil olunan mədəni maarif tədbirləri, konsertlər və sərgilər ölkənin hər yerində mədəni həyatın canlanmasına səbəb olub.

Bundan başqa, təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir. Bu proqramlar təkcə formal təhsil deyil, eyni zamanda qeyri-formal və informativ öyrənmə metodlarını da əhatə edir. Müasir dünyada təhsil proqramları yalnız sinif otaqları ilə məhdudlaşmır. Onlayn platformalar, interaktiv dərs materialları, süni intellekt əsaslı tətbiqlər və təcrübə əsaslı öyrənmə metodları təhsilin keyfiyyətini artırmaqda mühüm rol oynayır. Ümumilikdə, Azərbaycan dövləti elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. 2022-2026-cı illəri əhatə edən Milli İnkişaf Strategiyasında bu sahələrin gücləndirilməsi, rəqəmsallaşdırılması və inklüzivliyinin artırılması xüsusi yer tutur. Həmçinin, media savadlılığının, İKT biliklərinin və mədəni bilincin artırılması yönündə bir sıra layihələr uğurla icra edilir.

Məzahir Məmmədli: Əvvəlki illərlə müqayisədə təhsil müəssisələrində elmi kütləvi tədbirlərin keçirilməsi bir qədər səngiyib

Elmi kütləvi tədbirlərlə bağlı çatışmazlıqlara toxunan təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində və tədris ocaqlarında keçirilən elmi kütləvi tədbirlər uşaqların inkişafında müəyyən rol oynayır.

Ekspertin sözlərinə görə, son zamanlar elmi kütləvi tədbirlərin keçirilməsi bir növ başqa xarakter alıb:

"İndiyə kimi təhsil müəssisələrində hərbi vətənpərvərlik ruhunda, narkomaniyaya qarşı mübarizə tədbirlər keçirilirdi. Bundan başqa, elmi kütləvi tədbirlərdə tarixi və əlamətdar günlər rol oynayırdı. Lakin hazırda tarixi və əlamətdar günləri efirlər az işıqlandırırlar. Təhsil müəssisələrində isə proqramlar ağırlaşdırdığına görə tədbirlərin həyata keçirilməsini çatdırmaq olmur. Ona görə də əvvəlki illərlə müqayisədə təhsil müəssisələrində elmi kütləvi tədbirlərin keçirilməsi bir qədər səngiyib".

M.Məmmədli onu da qeyd edib ki, biz əvvəllər ancaq məğlubiyyət acısını yaşayırdıq və bəzi xüsusi günləri işğal günü kimi qeyd edirdik. Lakin indi  işğaldan azad olunmuş hər bir rayonun öz gününü təqvimə çevirə bilərik.

"Həmçinin bəzi xüsusi günlər var ki, təmtəraqlı qeyd etmək olar. Bu, ictiamiyyət və təhsil müəssisələri üçün maraqlı ola bilər. Arzuolunandır ki, şəhidlərimizin və qəhrəmanlarımızın tanıdılması üçün böyük işlər görülsün. Bu cür addımlar hərbi vətənpərvərlik ruhunun aşılanması üçün ibtidai siniflərdən başlayaraq 11-ci sinifə qədər atılmalıdır", - ekspert vurğulayıb.

Son olaraq onu da bildirək ki, elm və təhsil proqramlarının davamlı şəkildə inkişaf etdirilməsi, ilk növbədə, bilik səviyyəsinin artmasına xidmət edir. Bu proqramlar cəmiyyətin daha üstün səviyyədə savadlanmasına, inkişaf etməsinə və təkmilləşdirilməsinə təkan verir. Bu istiqamət üzrə internetin də rolu danılmazdır. Məhz internet şəbəkəsinin köməyi ilə insanlar daim məlumatlanmaq, geniş və dolğun informasiyalar əldə etmək, eləcə də ötürmək imkanı əldə edirlər. Bu imkan sayəsində Azərbaycan tarixindən, ənənələrindən, milli dəyərlərindən tutmuş, qələbəmizin təmin olunmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə qədər bütün məsələlər barədə informasiyaları Azərbaycan və dünya ictimaiyyətinə davamlı şəkildə çatdırmaq mümkündür.

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
1
bakivaxti.az

2Sources