EN

Ana dilimiz —milli kimliyimizin təməlidir

Azərbaycan xalqının əsrlərdən bəri qoruyub saxladığı, zənginləşdirdiyi və inkişaf etdirdiyi Azərbaycan dili bu gün bizim milli kimliyimizin, mədəniyyətimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir. 1 Avqust tarixi isə bu dəyərlərin rəmzi olaraq Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün dilimizin dəyərini bir daha xatırlamaq, onun zənginliyinə və ifadə gücünə diqqət çəkmək baxımından mühüm əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyev ana dilimizi hər zaman böyük məhəbbətlə qorumuş, onun dövlət dili kimi qəbul olunması və cəmiyyətin bütün sahələrində işlədilməsi üçün mühüm addımlar atmışdır. Onun məşhur fikri bu gün də hər bir azərbaycanlının qəlbində əks-səda doğurur:

“Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır.”

Heydər Əliyevin müxtəlif illərdə etdiyi çıxışlarda Azərbaycan dilinə verdiyi yüksək dəyər, bu dilin sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda milli-mənəvi dəyərlərin daşıyıcısı olması kimi təqdim edilməsi onun dil siyasətində nə qədər uzaqgörən olduğunu göstərir. Ulu Öndərin “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir” fikri dilimizin bədii-estetik imkanlarını bir daha təsdiqləyir.
Müstəqil Azərbaycanda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının çıxışlarında Azərbaycan dilinin həm zənginliyi, həm də saflığının qorunması dəfələrlə xüsusi vurğulanır:
“Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.”

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu dil bizi bir millət kimi birləşdirən əsas vasitələrdən biridir. 50 milyondan çox azərbaycanlının ana dili olan Azərbaycan dili bu gün dünyada tanınan, inkişaf edən, ədəbi və elmi düşüncəni ifadə etməyə qadir olan bir dildir.

Bu əlamətdar gün, yalnız keçmişə qürurla baxmaq üçün deyil, həm də gələcək nəsillərə ana dilinə sevgi və ehtiram aşılamaq üçün bir fürsətdir. Hər bir vətəndaş bu sahədə məsuliyyət daşıyır – müəllimlər, jurnalistlər, mədəniyyət xadimləri və ən əsası, gənclər.

Unutmayaq ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan dili bizim kimliyimizdir, varlığımızdır, ruhumuzdur. 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər kəsi dilimizi daha dərindən öyrənməyə, onu qorumağa və gələcək nəsillərə daha da zənginləşdirilmiş şəkildə ötürməyə çağırırıq.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova
Chosen
26
demokrat.az

1Sources