EN

Patrik Andrade: "Dünənki oyunda Azərbaycanın adına uğur qazandıq"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Aris”lə 2:2 hesablı heç-heçə edən “Araz-Naxçıvan” iki görüşün yekununda növbəti mərhələyə vəsiqəni təmin etdi. Saloniki şəhərində baş tutuan matçdan sonra "Araz-Naxçıvan"ın aparıcı üzvlərindən Patrik Andrade bunları deyib: “Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər bu üstünlüyümüzü qoruduq. Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik.

Qırmızı vərəqə epizoduna gəldikdə, İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdı.

Növbəti rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.

Chosen
40
20
report.az

10Sources