EN

Patrik Andrade: Xarakter göstərdik

“Yaxşı, maraqlı oyun alındı".

Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade Yunanıstanda "Aris"lə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Kabo-verdeli yarımmüdafiəçinin sözlərinə görə, komandası üçün xüsusən birinci hissə çox uğurlu keçib: "Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər bu üstünlüyümüzü qoruduq. Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik".

32 yaşlı oyunçu 52-ci dəqiqədə İqor Ribeyronun qırmızı vərəqə aldığı epizoddan da danışıb: "Qırmızı vərəqə epizoduna gəldikdə, İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdı. Növbəti rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.

Chosen
4
20
teleqraf.com

10Sources