Avqustun 1-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevlə vida mərasimi keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu.
Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülmüşdü.
Muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin həmkarları, dostları, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, deputatlar, mərhumun sənətinin pərəstişkarları Muğam Mərkəzinin binasına gələrək, unudulmaz sənətkara son borclarını verirdilər.
Vida mərasimini mədəniyyət naziri Adil Kərimli açaraq, Arif Babayevin zəngin həyat və yaradıcılıq yolundan danışıb. O, böyük sənətkarın Azərbaycan muğam məktəbinin inkişafında və tanıdılmasında göstərdiyi misilsiz xidmətləri vurğulayıb. Bildirib ki, Arif Babayevin ifası və sənətə olan yanaşması nəinki milli musiqimizə, ümumən mənəviyyatımıza dərin izlər buraxıb.
Nazir qeyd edib ki, Arif Babayev öz sənəti ilə sadəcə muğamı deyil, bütöv bir musiqi fəlsəfəsini yaşadıb. Onun muğama gətirdiyi yeniliklər və ən əsası da tələbələrə ötürdüyü ustadlıq dərsləri bu gün muğam sənətimizin əsas dayaqlarından birinə çevrilib.
“Arif Babayevin itkisi bizim üçün çox ağırdır, amma yaratdığı irs, yetişdirdiyi tələbələr və könüllərdə qoyduğu izlər onu daim yaşadacaq”, - deyə nazir əlavə edib.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə çıxış edərək, Arif Babayevin milli musiqi mədəniyyətimizin inkişafında oynadığı əvəzsiz roldan, onun böyük ustad kimi gənc nəslin yetişdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. O, Arif müəllimin sənət irsinin konservatoriyada və ümumilikdə Azərbaycan musiqisində daim yaşadılacağını vurğulayıb.
Arif Babayevin Azərbaycan muğam sənətinə bəxş etdiyi böyük töhfələrdən danışan Xalq artisti Mənsum İbrahimov bildirib ki, o, yalnız görkəmli ifaçı deyil, həm də əsl ustad, sənət məktəbi yaradan, neçə-neçə sənətkarın yolunu işıqlandıran şəxsiyyət idi.
Mənsum İbrahimov vurğulayıb ki, Arif Babayevin yaratdığı sənət irsi tükənməz xəzinədir və o, öz ifaları, yetirmələri və insani keyfiyyətləri ilə hər zaman xatırlanacaq.
Xalq artisti Vamiq Məmmədəliyev dərin kədərini ifadə edərək deyib: “Bu gün danışmaq çox ağırdır. Arif Babayev mənim yaxın dostum idi. Biz bir yerdə çox çörək kəsmişik, uzun illər çiyin-çiyinə işləmişik. Onunla aramızda böyük səmimiyyət, dostluq və sənət bağları var idi. Arif müəllim Xan Şuşinski məktəbinin layiqli davamçısı idi. Bu sənəti yaşatmaq, onu gələcək nəsillərə ötürmək asan deyil – o, bu çətin və şərəfli missiyanı böyük məsuliyyətlə yerinə yetirirdi”.
Bütün iştirakçılara təşəkkürümü bildirib Xalq artistinin oğlu Yaşar Babayev deyib: “Atam bu dünyadan xoşbəxt getdi. Ömrünün son günlərdə ona göstərilən sonsuz sevgi, diqqət və qayğı Arif Babayev üçün böyük mənəvi dayaq oldu. O, xalqının sevgisini hiss edərək, əzizlərini - doğmalarını, dostlarını, tələbələrini ətrafında görərək bu dünyaya vida etdi”.
Allah rəhmət eləsin!