Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn olunub.
APA xəbər verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri ilə yanaşı, görkəmli sənətkar adamları, o cümlədən bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti ilə vida mərasimi Beynəlxalq Muğam mərkəzində keçirilib.
***
13:53
Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevla vida mərasimi keçirilib.
APA xəbər verir ki, Xalq artistinin ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Arif Babayevin ölüm xəbəri hər kəsi sarsıdıb: "Bütün dünyada yaşayan azərbaycanlıların sevimlisi Arif Babayevi itirdik. Arif Babayevin vəfatı ilə əlaqədar qonşu dövlətlərdən başsağlığıları alırıq. Bu gün hamımız üçün çox ağrılı gündür".
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə bildirib ki, Arif Babayev öz sənəti ilə yaşadığımız dövrün hisslərini öz ifasında əks etdirirdi: "Arif müəllimin xatirəsi hər zaman bizim yaddaşımızda yaşayacaq".
Xalq artisti Mənsum İbrahimov çıxışında vurğulayıb ki, Arif müəllim barəsində keçmiş zamanda danışmaq çox çətindir: "Mən bu sənətə Arif Babayevi sevib gəlmişəm, uzun illər eyni səhnəni bölüşmüşük. Arif Babayev elə bir iz qoyub gedib ki, o heç vaxt unudulmayacaq".
Xalq artisti, professor Vamiq Məmmədəliyev qeyd edib ki, Arif Babayev onun dostu olub: “Biz təkcə sənətdə yox, sənətdən kənarda biz dost idik. Arif Babayevin insanlara verdiyi qiymət çox yüksək idi, çox səmimi insan idi. Onun tələbələri də onu çox istəyir, çünki həm sənəti həm də insanlığın yüksək idi".
Sonda Arif Babayevin oğlu Yaşar Babayev vida mərasimdə iştirak edənlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, Arif Babayev Fəxri xiyabanda dəfn ediləcək.
***
12:55
Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir.
APA xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Arif Babayev I-ci Fəxri xiyabanda dəfn ediləcək.

