Azərbaycanla münasibətlərinin inkişafı təkcə ikitərəfli faktor və parametrlərdən deyil, həm də ümumən İranın xarici siyasət doktrinasının yenilənməsindən asılıdır.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Baş məsləhətçi Məsiağa Məhəmmədi deyib.
O qeyd edib ki, İran prezidenti Məsud Pezeşkianın dünən Zəncana səfəri gedişində Azərbaycanla münasibətlər barədə dediyi sözlər indiyə qədər görünməmiş ciddi bir açıqlamadır:
“İranda hökumətə rəhbərlik edən şəxs ikitərəfli əlaqələr tarixində ilk dəfə etiraf edib ki, Azərbaycanla münasibətlərin arzuolunan səviyyəyə çatmamasının, vaxtaşırı yaşanan gərginliklərin səbəbkarı və ya Pezeşkianın öz sözü ilə desək, müqəssiri İran tərəfidir. Bu həm də məsələ ilə bağlı Azərbaycan siyasi rəhbərliyinin mövqeyini təsdiq etmiş olur. Çünki bir müddət əvvəl Azərbaycan Prezidenti bildirmişdi ki, İranla münasibətlərdə yaşanan gərginliklərdə rəsmi Bakı heç vaxt “başlayan tərəf” olmayıb”.
Müsahibin sözlərinə görə, artıq bu həqiqət İran prezidentinin dilindən də səslənib və mütəmadi şəkildə özünü göstərən anlaşılmazlıqların kökünün Tehranda olduğu publik surətdə etiraf olunub.
“Məsud Pezeşkian İranın xarici siyasətində, xüsusən qonşular və müsəlman ölkələri ilə münasibətlərdə yeni səhifə açmağı hədəfləyən hökumət başçısıdır və bu sahədə xüsusi vizyona malikdir ki, bu da onun bəzi çıxışlarında əksini tapıb. Şübhəsiz, onun Azərbaycanla münasibətlərə dair bəyanatı müəyyən araşdırmaların, eləcə də Azərbaycana iki səfərində apardığı danışıqlar nəticəsində gəldiyi qənaətlərin yekunudur. Bu baxımdan onun Azərbaycan-İran münasibətləri barədə fikirlərini Azərbaycan-İsrail əlaqələri ilə müqayisə kontekstində ifadə etməsi çox əhəmiyyətli və mənalıdır”, - deyə ekspert əlavə edib.
M.Məhəmmədli onu da bildirib ki, İranda bəzi dairələr Azərbaycanın İsraillə yaxın əməkdaşlıq əlaqələrini Tehran-Bakı münasibətlərində təsir faktoru kimi götürür və son nəticədə münasibətlərin inkişafını əngəlləyirlər:
“Bu, Azərbaycanın xarici siyasətində mühüm bir prinsipin nəzərə alınmamasının nəticəsidir. Azərbaycan dövləti heç vaxt bir ölkə ilə münasibətlərinin başqa bir dövlətlə əlaqələrindən asılı olmasına imkan verməyib, həmçinin onun bir ölkə ilə əməkdaşlığı başqa bir dövlətə qarşı yönəlməyib. Pezeşkianın açıqlaması göstərir ki, indiki İran hökuməti bu reallığı dərk edir və ikitərəfli əlaqələri Azərbaycanın İsraillə münasibətlərinə “boylanmadan” inkişaf etdirməyin mümkünlüyünə inanır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, İran Prezidentinin vurğuladığı digər bir məqam iki ölkə arasında güclü tarixi, etnik və mədəni bağların olmasıdır:
“Azərbaycan bizim qohumumuzdur, doğmamızdır” deməklə İran prezidenti buna işarə edib və iki dövlət arasında əlaqələrin genişlənməsi üçün belə ciddi bir təməlin və potensialın olduğuna diqqət çəkib. Faktiki olaraq, Pezeşkian indiyə qədər həmin potensialdan istifadə olunmadığına (İran tərəfinin təqsiri üzündən!) eyham vurub və bu təməl üzərində əlaqələri yeni səviyyəyə qaldırmağın mümkünlüyünü və zəruriliyini bildirib”.
M.Məhəmmədli hesab edir ki, hazırkı dəyişkən dünyada əsas məsələ gələcəyə baxmaqdır.
“Bununla əlaqədar Azərbaycanın xarici siyasətinin digər bir mühüm prinsipini – ölkələrin daxili işlərinə qarışmamaq ilkəsini qeyd etmək lazımdır. Azərbaycan dünyəvi dövlətdir, İranda isə dini hakimiyyət modeli mövcuddur, amma bu, onların bir-birinə zidd olması mənasına gəlmir. Bu ölkələr meydana çıxan anlaşılmazlıqları və təhlükəsizlik çağırışlarını məhz qeyd olunan iki prinsip əsasında açıq dialoq və konstruktiv müzakirələr yolu ilə həll edə bilərlər”,- o söyləyib.
Siyasi analitik vurğulayıb ki, Məsud Pezeşkianın ötən həftə İran XİN-də keçirdiyi görüş zamanı verdiyi açıqlamalar, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər hazırkı İran hökumətinin də bu yanaşmanı bölüşdüyünü göstərir:
“Bu da münasibətlərin perspektivi ilə bağlı müəyyən nikbinliyə əsas verir. Nəzərə alınmalıdır ki, Azərbaycanla münasibətlərin inkişafı təkcə ikitərəfli faktor və parametrlərdən deyil, həm də ümumən İranın xarici siyasət doktrinasının yenilənməsindən asılıdır. Ümid edək ki, bu prosesdə əlaqələrin genişlənməsinə əngəl törədən, müxtəlif uydurma ittihamlar və konspiroloji tezislərlə onu pozmağa çalışan qüvvələrin cəhdləri uğursuzluğa düçar olacaq”.
Xatırladaq ki, dünən İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı keçirdiyi görüşdə İranı Azərbaycanla əlaqə qura bilməməkdə təqsirləndirib. "Azərbaycanla əlaqə qura bilməməkdə müqəssir İrandır. Necə olur ki, biz qonşumuzla əlaqə qura bilmirik, ancaq İsrail bunu bacarır", - deyə o, münasibətlərin hazırkı səviyyəsini sorğulayıb.