EN

“Ana dili Milli kimlik simvolu” mövzusunda tədbir təşkil olunub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 avqust, AZƏRTAC

Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü ilə “Ana dili – Milli kimlik simvolu” mövzusunda elmi sessiya keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbir 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təşkil olunub.

Elmi sessiyada Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Ana dili - Millətin varlığının əsas nişanı” mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən, millətin simasını səciyyələndirən nişanə, milli -mənəvi sərvətdir. Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünə bilər. Həyatımızın adi günlərindən birini yaşasaq da, heç bir məhdudiyyət olmadan ana dilimizdə danışdığımızın və düşündüyümüzün fərqinə varanda bunun o qədər də adi olmadığını anlamaq olar.

Natiq vurğulayıb ki, Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Hadisələrin xronoloji ardıcıllığı ilə tarixə nəzər salan C.Feyziyev diqqətə çatdırıb ki, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin xidmətləri misilsiz olub. Ümummilli Liderin imzaladığı fərmanlar ana dilimizin qorunmasında və inkişafında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin ana dilimizlə bağlı apardığı siyasət bu gün Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan dövlət başçımız 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib.

Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiq dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

“Dil quruculuğu ilə bağlı olan bütün bu sənədlər Azərbaycan dilinin milli-mənəvi və siyasi-hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardır. Bu addımlar dilimizin əbədiyaşarlığını təmin etmək məqsədi daşıyır. Dilimiz yaşadıqca xalqımız və müstəqil dövlətimiz də hər zaman var olacaq", - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Elmi sessiya məruzədən sonra müzakirələrlə davam edib. Müzakirələrdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, tarixçi alim Lətifə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri Xədicə Heydərova, Bakı Dövlət Universitetinin Azərbaycan dili kafedrasının professoru Zemfira Şahbazova çıxış edərək vurğulayıblar ki, yaşadığı coğrafiyadan asılı olmayaraq 50 milyondan çox soydaşımızın ünsiyyət vasitəsi olan ana dilimiz xalqımızın milli və tarixi varlığını müəyyən və təsdiq edən mənəvi sərvətdir.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov dilin qorunması, yaşadılması, mənəvi miras kimi gələcək nəsillərə ötürülməsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Tədbirin bədii hissəsində vətənpərvər şairə Xuraman İsmayılqızının “Ana dilim” şeiri və tələbələrin ana dilinə həsr olunmuş şeirlərdən ibarət kompozisiyası alqışlarla qarşılanıb.

Tədbirin sonunda Mirzə Fətəlinin əlifba mücadiləsinə həsr olunan “Sübhün səfiri” ekran əsəri izlənilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
azertag.az

1Sources