EN

Fələstin qərarının arxasında dayanan diqqətçəkən amil: Qərb niyə bölündü?

Britaniya, Fransa, İrlandiya, Norveç və bir sıra digər Qərb dövlətlərinin Fələstini rəsmi şəkildə tanıyacaqlarını açıqlaması ilk baxışda humanitar dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bir mövqe kimi təqdim olunur. Lakin bu qərarların arxasında təkcə insani motivlərin dayanmadığı, əksinə, daha dərindən geosiyasi hesablamaların, regional güc mübarizəsinin və Qərb daxilində artan siyasi gərginliklərin rol oynadığı getdikcə daha aydın görünür.

Mövzu ilə bağlı Editor.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Fələstin məsələsi ətrafında kollektiv Qərbin parçalanması əslində yalnız humanitar motivlər və beynəlxalq hüquq prinsipləri ilə izah oluna bilməz:

“Bu parçalanma daha çox geosiyasi maraqların, daxili siyasi gərginliklərin və beynəlxalq güc balansında baş verən dəyişikliklərin nəticəsidir. Britaniya, İrlandiya, Norveç, İspaniya kimi ölkələrin Fələstini tanıyacaqlarını açıqlaması ilk baxışdan humanitar və hüquqi prinsiplərə söykənsə də, arxa planda daha dərindən strateji hesablamalar dayanır. Bu addım Qərbin müəyyən ölkələrinin ABŞ-İsrail cütlüyünün bölgədəki dominant siyasətinə qarşı narazılığının artdığını göstərir. Başqa sözlə, bu təkcə Fələstin xalqına dəstək jesti deyil, eyni zamanda İsrailin regiondakı hegemon ambisiyalarına qarşı diplomatik balans yaratmaq cəhdidir.
Avropanın bir hissəsi ABŞ-ın İsrail siyasətinə tam tabe olmaqdan narazıdır. Bu dövlətlər hesab edirlər ki, Qəzza müharibəsi ilə bağlı İsrailə tam dəstək vermək Avropa ictimai rəyində kəskin etirazlara səbəb olur və ölkədaxili siyasi riskləri artırır. Belə bir kontekstdə Fələstini tanımaq həm daxili ictimai təzyiqləri yumşaltmaq, həm də Qərbin daxilində yeni güc mərkəzlərinin formalaşdığını göstərmək vasitəsinə çevrilir”.

Tural İsmayılovun sözlərinə görə, Fransa və Britaniya bu addımla həm də beynəlxalq sistemdə “birtərəfli hegemonluğa qarşı çoxqütblülük” ideyasına yaxınlaşmaq istəyir:

“Fələstin məsələsində sərgilənən bu “prinsipial mövqe” əslində Qərbin daxilində ABŞ-dan müstəqil siyasət yürütmək iddiası olan Avropa blokunun konturlarını ortaya çıxarır. Bundan əlavə, bu addım Avropa İttifaqının ərəb dünyası ilə münasibətlərini balanslaşdırmaq, enerji və təhlükəsizlik baxımından strateji tərəfdaşlıq imkanlarını gücləndirmək məqsədi daşıyır. Bu tanınma qərarları eyni zamanda Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı da bir “alternativ” təqdim etmək məqsədini güdür.
Nəticə olaraq, Fələstin məsələsi bir növ lakmus kağızına çevrilib – kimisi insan haqları və beynəlxalq hüququ sadəcə ritorika üçün işlədir, kimisi isə bu prinsipləri geosiyasi manevrlə birləşdirərək real güc siyasəti yürüdür. İsrailin bölgədə təşəbbüsü tam ələ keçirməsinin qarşısını almaq, bu prosesə qarşı bir növ “avropasayağı müqavimət” formalaşdırmaq da bu tanıma dalğasının əsas motivlərindən biridir. Bu, Avropanın yalnız emosional deyil, eyni zamanda rasional və strateji qərarıdır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
16
editor.az

1Sources