“Bu videonu paylaşmaq məcburiyyətində qaldım, çünki Fərqanə xanımla bir çox yazılar yazılır. Son söhbətlərə və s. qarışmaq istəmirəm. İkisi də bizim ifaçılardır və hər ikisinə fərqli hörmətim var”.
Ölkə.Az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş deyib. O, xahişi ilə layihəsinə dəstək göstərən Xalq artisti Alim Qasımovun qızı, xanəndə Fərqanə Qasımovanın sözlərinin başqa cür yozulmasından şikayətlənib:
“Bəzən yaxşlıq etmək istəyirsən, amma ona pis don geyindirirlər. Deməli, mən Fərqanə xanıma təxminən 2-3 ay bundan əvvəl müraciət etmişəm və xahiş etmişəm ki, bir layihəmizə dəstək olsun. Çünki ictimai birliyik sədriyəm və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bizə maliyyə dəstəyi ayırıb ki, siz bir neçə layihə həyata keçirin. Mən də bütün məşhur simaları bir araya cəm edib onlardan görüntülər almışam, erkən nigahla bağlı çağırış istəmişəm. Fərqanə xanım da iki ay əvvəl götürüb mənim çağırışıma qoşulub. Bu gün götürürlər Fərqanə xanımın “qoca kaftar, sənə 15 yaşında qız nə gərək” sözünü sanki qarşı tərəfə ünvanlayırmış kimi qələmə verirlər. Vəziyyət o yerə çatır ki, mən belə bir video çəkməyə məcbur qalıram.
Gəlin, heç bir paylaşımı fərqli yerə yozmayaq. Vallah bu biz deyilik”, - deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl “Avroviziya” qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal yaşanıb. Fərqanə Qasımova “Dream Fest”ə qara bodi ilə qatılan Nigar Camalın bodili fotosunu tənqid edərək qeyd edib: “Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır”.
N. Camal isə öz instaqram hesabında “Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar” sözlərini yazıb.
Billurə