EN

İşgəncə, təcavüz: Rusiyanın gizli zindanlarındakı ukraynalı qadınların dəhşətli taleyi!

Rusiya yalnız ukraynalı uşaqları deyil, yüzlərlə mülki qadını da zorla saxlayır. Ukraynanın insan haqları üzrə müvəkkili Dmitri Lubinetsin məlumatına görə, hazırda Rusiyanın işğal etdiyi ərazilərdə 16 minə yaxın mülki şəxs əsir götürülüb. Onlardan ən azı 600-ü qadındır.

Yenisabah.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müxalif mediası “Meduza” məlumat yayıb.

“Meduza”ya danışan könüllülər bildiriblər ki, bu qadınlar döyülür, təhqir olunur, təcavüzə məruz qalır və qeyri-insani şəraitdə saxlanılır.  Pepperoni pizza

Hüquq müdafiəçisi Nikolay Polozova görə, mülki şəxsləri iki kateqoriyaya bölmək olar: birincisi, barələrində guya cinayət işi açılanlar; ikincisi isə ümumiyyətlə heç bir hüquqi statusu olmayan, gizli obyektlərdə saxlanılanlar.

“Bu insanlar üçün yeni status uydurublar – “xüsusi hərbi əməliyyata qarşı çıxan” şəxs. Bu statusu tənzimləyən heç bir qanun yoxdur. Onlar tam təcrid vəziyyətində saxlanılırlar”, - deyə Polozov bildirib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, saxlanılan qadınlar arasında bələdiyyə və dövlət məmurları, jurnalistlər və Rusiya hakimiyyətinin təhlükə hesab etdiyi digər qadınlar var. Həmçinin Ukrayna silahlı qüvvələrinin hərbçilərinin yaxınları, tibb işçiləri və sosial şəbəkələrdə Ukraynaya rəğbət bəsləyən mövqe sərgiləyən qadınların da zorla aparıldığı məlumdur.

İndiyə qədər yalnız 46 qadın geri qaytarılıb. Onlar ifadələrində döyülmək, qaynar su ilə yandırılmaq, elektriklə işgəncələrə məruz qalmaq, antisanitariya şəraitində saxlanmaq, gigiyena vasitələri və tibbi yardımın tam yoxluğu barədə danışıb.

Nikolay Polozovun sözlərinə görə, qadınlar kişilər və hərbi əsirlərlə eyni şəkildə işgəncəyə məruz qalır. 2023-cü ilin avqustunda rus hərbçiləri Zaporoje vilayətində 26 yaşlı ukraynalı jurnalist Viktoriya Roşinanı oğurlayıblar. O, əvvəlcə Melitopolda yerləşən yeraltı işgəncə məkanında saxlanılıb, sonra isə Taqanroqdakı istintaq təcridxanasına köçürülüb. 2025-ci ilin fevralında onun cəsədi Ukraynaya verilib – tanınmaz hala salınmış kişi meyiti kimi, ciddi işgəncə izləri və aclıqdan iflic olmuş bədənlə!

“O, tanınmış jurnalist idi. Bəs heç kimin adını bilmədiyi nə qədər qadın var?” - deyə Polozov sual edib.

Donetsk vilayətindən olan satıcı Nataliya Vlasova isə ifadəsində qondarma “dqr”in “Dövlət Təhlükəsizlik Nazirliyində” 15 nəfər tərəfindən zorlandığını, elektriklə işgəncəyə məruz qaldığını, dişlərinin mişarlanaraq çıxarıldığını, vəhşicəsinə döyüldüyünü və azyaşlı qızının bağçasına partlayıcı oyuncaq atılacağı ilə hədələndiyini bildirib.

Hazırda Vlasova Novoçerkassk təcridxanasında saxlanılır. Ona qarşı “casusluq” və “terrorçu təşkilata üzvlük” ittihamları irəli sürülüb və 18 il azadlıqdan məhrumetmə cəzası verilib.

Könüllülər bildiriblər ki, saxlanılan qadınlar arasında çoxlu sayda yaşlı, əlil və xroniki xəstəlikləri olan insanlar var:

“Bir qadının beş uşağı evdə qalıb”.

Hüquq müdafiəçilərinin fikrincə, mülki şəxslərin əsir götürülməsi və zorla aparılması beynəlxalq hüquq baxımından soyqırım əlamətləri daşıyır.

“Rusiya insanların zorla pasportlaşdırılması, yaşayış yerlərindən aparılması, hüquqi status olmadan saxlanması və təcrid edilməsi kimi hərəkətləri ilə ciddi hərbi cinayətlər törədir”, - deyə Polozov vurğulayıb.

 


Telegram kanalımız
Chosen
7
1
yenisabah.az

2Sources