EN

Görən, bu çöllərdə kimim var mənim? Arif Babayevə vida mərasimindən reportaj

ain.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Ülvi Bahadırın Xalq artisti Arif Babayevə vida mərasimin reportajını təqdim edir.

Yığılmır yollardan fikrim, xəyalım,

Görən, bu çöllərdə kimim var mənim?

Sazda Kərəmiyə qoşulan səsim,

Kamanda inləyən simim var mənim.

Qulağımda ta uşaqlıqdan gələn yuxu nəğmə…

Hərdən belə də olur…

Olur ki, bir yuxuya toxunursan…

Çağa əli ilə baş barmağını sıxan təki…

Hansısa kəsilmiş, unudulmuş şəklin içində girirsən…

Hansısa səsi dünyanın ən məhrəm dolanbaclarına yayırsan…

Sinən nə zamansa çin olacaq yuxu kimi dalğalanır.

Hərdən belə də olur…

Olur ki, axır nəfəsdən bir addım sonrakı dayanacaqda bir qara maşın dayanır.

Baqajı açılır və sonuncu nəfəs dolanbaclardakı səs kimi qalxır çiyinlərə…

“Kaş sənin çiynində gedim” deyərdi bütün sevdiklərim.

Sevdiklərimin ağırlığı ilə girirəm Muğam Mərkəzinə…

Çöllərdə yuxu nəğməsinin çin adamalarını axtaran Arif Babayevin vidasına…

***

Kəsilib qapıdan gedib-gələnim,

Yox mətləb qananım, qədir bilənim,

Dumanlar içində yorğun köhlənim,

Tufanlar qoynunda gəmim var mənim.

Zalda insane izdihamı…

Hamı oturmağa yer gəzir…

Anı qaçırmaq istəməyən fotoqraflar…

Əklillər…

Qırmızı pərdənin ortasında yuxu nəğməsini tapan adamın fotosu…

Sarıhacılı nəğməsinin köhlən məqamına...

Evə qayıdış…

Getdiyin ayaq axtarmaq…

Ömrün qərib-qəribə fəsli…

Sanki bu boyda ayı, ili bu fəslə çatmaq üçün yaşamısan…

Sanki bütün ayaq izləri yox…səninkilərdən başqa…

Evə qayıdış…

Sarıhacılı nəğməsinin köhlən məqamına…

Bu adamlar ki var haa…

Eyni yuxunu görənlər…

Eyni nəğməni tapanlar…

Onlardamı bu ayaq izlərini izləyib gəlmişdilər bura…mənim kimi…

Tufanlar içində çırpınan gəmiləri tapmağa…

***

Hüseyn, nə oldu qönçə niyyətim?

Daşlara toxundu ilk məhəbbətim,

Özgəni güldürən sözüm-söhbətim,

Özümü ağladan qəmim var mənim.

Burdadı… Hamı burdadı…

"Mən bu sənətə Arif Babayevi sevib gəlmişəm”.

Belə deyir Mənsum İbrahimov…

O aşkarda deyir, qalanlar ürəyində…

“Uzun illər eyni səhnəni bölüşmüşük. Arif Babayev elə bir iz qoyub gedib ki, o heç vaxt unudulmayacaq".

Yaddan çıxmış xatirəni qəfil xatırlayanda o yer də, o xatirə də daha da durulur, paklanır.

Dünyanın ən ağır yükü çiyinlərində buxarlanır…

Uzun illər sonra xatırlananda…

Səni unutmayacaq adamların çoxu bəlkə də hələ doğulmayıb…

Kimlər gülür səni xatırlayanda?..

Kimi xatırlayanda ağlayırsan?...

Vamiq Məmmədəliyevin qəhərli səsi gəlir qulağıma:

“Biz təkcə sənətdə yox, sənətdən kənarda biz dost idik. Arif Babayevin insanlara verdiyi qiymət çox yüksək idi, çox səmimi insan idi. Onun tələbələri də onu çox istəyir, çünki həm sənəti həm də insanlığın yüksək idi".

Yaşar Babayev kürsüyə çıxanda səsindəki itkinlik, əzizsizlik sinəmə yayıldı…

Bütün kəsə küçələrin birləşdiyi yerdəydim sanki…

***

Hərdən belə də olur…

Olur ki, axır nəfəsdən bir addım əvvəlki dayanacaqdan arxaya baxırsan…

Əl yelləyir çin olacaq dalğalanan yuxular…

Tapır kimsə səni evin bir küncündən birləşdirir unudulmuş şəkilə…

Toxunur kimsə sənə…

Çağa baş barmağını sıxan təki…

Yüyürürsən dolanbaclara yayılan səsin ardınca…

“Görən, bu çöllərdə kimim var mənim?”

"Happy Gilmore 2" rekord qırdı

Məşhur aktyor həbs oluna bilər

Rus dilində tədris ləğv olunmalıdırmı? - Təhlükə və çıxış yolları

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
3
kulis.az

4Sources