EN

Kiyevdə daha bir hərbi cinayət törədilib

Tarixən ölkələr arasında müharibə aparılarkən əsas hədəflər hərbi obyektlər, strateji, enerji infrastrukturları və digərləri olur. Ən ağır müharibələrdə belə beynəlxalq konvensiyalar qorunmağa çalışılır, hərbi cinayətlərdən uzaq durulur.

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə zamanı əsas hədəf mülki insanlar, mülki infrastrukturlar götürülüb. Təəssüf ki, reallıq budur. 2025-ci ildə isə Rusiyanın bu siyasəti daha qabarıq özünü göstərməkdədir. Ötən illərlə müqayisədə bu il endirilən hava zərbələri zamanı daha çox mülki insanlar həlak olub, əlil qalıb, hündürmərtəbəli binalar, fərdi evlər hədəf götürülüb. Səhvən bir, iki 10 raket və ya zərbə dronu yaşayış binasına dəyə bilər. Əgər bu, kütləvi hal alırsa demək ki, məqsədli edilir. Necə ki, bunu Rusiya Ukrayna xalqına qarşı edir.

AZƏRTAC xəbər verir ki, sonuncu belə fakt iyulun 31-nə keçən gecə Kiyevə endirilən çoxkombinasiyalı hava hücumu olub. Bu hava hücumu zamanı yenə ən çox yaşayış binaları, mülki evlərdir ziyan görüb. Qanadlı raketlərin ünvanı yenə də hündürmərtəbəli binalar olub. Bu gün Kiyev əhalisi daha bir faciəni yaşayır. Artıq 31 mülki şəxsi həlak olub, 160-a yaxın insan isə xəsarət alıb. Ölənlər və xəsarət alanlar arasında onlarla uşaq da var. Bu rəqəmin artacağı da istisna deyil, çünki hələ dağıntılar altında insanların olduğu güman edilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin statistik açıqlamasına görə, təkcə iyul ayında Rusiya Ukraynaya təxminən dörd min “Shahed” hücum pilotsuz təyyarəsi və təxminən 260 müxtəlif tipli raket atıb, onlardan 128-i ballistik raket olub. Əsas ünvan isə Kiyev, Xarkov, Odessa, Dnepr və digər mülki insanların daha sıx yaşadığı böyük şəhərlər olub. Artıq müharibə dönəmində Ukraynada 13 minə yaxın mülki insan həlak olub, onların arasında yüzlərlə uşaq var. Bu rəqəm Birləşmiş Millətlər Təşkilatının rəsmi hesabatlarında da qeyd olunub. Bu rəqəm Ukraynanın müvəqqəti işğal altında olan ərazilərinə aid deyil. Əgər həmin ərazilərin statistikasını da nəzərə alsaq, rəqəmlərin necə qorxunc olduğunu söyləmək olar. Ukrayna tərəfinin verdiyi məlumata görə, indiyədək təxminən 20 min uşaq itkin düşüb və ya Rusiyada nəzarət altına alındığı güman edilir. Həmçinin Rusiya Ukraynaya qarşı 10 minlərlə hərbi cinayət törədib. Beynəlxalq Haaqa Məhkəməsində Rusiyanın Ukraynada törətdiyi minlərlə hərbi cinayət araşdırılır.

Chosen
39
2
azerbaijan-news.az

3Sources