EN

DİN-dən yenilik - Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

DİN Mətbuat Xidmətindən Ajans.az-a verilən məlumata görə, mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana səhifədəki “Qarabağa icazə” və ya “Xidmətlər” siyahısından “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” xanasını seçirsiniz. Açılan pəncərədə “Müraciət et” düyməsini sıxdıqdan sonra bildirişlərin sizə vaxtında çatması üçün əlaqə vasitələrinizi daxil edirsiniz. Növbəti mərhələdə səfər etmək istədiyiniz əraziləri və tarixləri seçirsiniz. Nəzərə alın ki, icazə maksimum 5 gün müddətinə verilir. Səfər zamanı istifadə edəcəyiniz avtomobilin dövlət qeydiyyat və şəhadətnamə nömrələri tətbiqə daxil edildikdən sonra nəqliyyat vasitənizdəki oturacaq yerindən asılı olaraq maksimum 9 nəfərin getməsinə icazə veriləcək.  Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər həm yerli, həm də müvafiq sənədləri olan əcnəbi vətəndaşlar ola bilərlər. Ən sonda məlumatları yoxlayıb “Təsdiqlə” düyməsini sıxmaqla müraciətinizi tamamlaya bilərsiniz. Bildirişlər şəxsi elektron kabinetiniz varsa birbaşa ora, yoxdursa SMS vasitəsilə mobil nömrənizə göndəriləcək. E-polis tətbiqinin günü-gündən yenilənən funksiyalarından faydalanın, yolunuz açıq və təhlükəsiz olsun.

Chosen
73
49
Ajans.az

10Sources