EN

Bakıda söküntü: Bu evlərə görə kompensasiya ödənilməyəcək

Bugünlərdə paytaxtın Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində mühafizə zolağında yerləşən  evlərin söküləcəyi ilə bağlı orada yaşayan sakinlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, Bakıda müəyyən ərazilərdə evlərin sökülməsi zamanı vətəndaşlara kompensasiya ödənilir. Ancaq təhlükəli hesab edilən, mühafizə zolağı olan ərazilərdə də bir çox vətəndaşlar məskunlaşıb.

Bəs mühafizə zolağındakı evlər söküldüyü zaman ev sahiblərinə kompensasiya ödənilirmi?  

Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, əslində son günlər bu sahədə baş verən proseslər gözlənilməz idi:

“Düşünürdüm ki, mühafizə zonasına düşən əraziləri müvafiq qurumlar kompensasiya ödəməklə sökərlər. Ancaq güman ki, onlar bu kimi kompensasiya ödəmək niyyətində olmadıqlarına  görə sökürlər. 

Həm də faktiki olaraq təhlükə yaradır. Orada bədbəxt hadisələrə gətirib çıxarır. Nərimanov rayon ərazisində sökülmə onunla bağlıdır ki, bir neçə bədbəxt hadisə olub. Bu baxımdan hökumət bu kimi qərar verir.

Burada kompensasiyanın ödənilməsi qanunla tənzimlənmir. Ancaq Avropa qanunlarına baxsaq vətəndaşın mülkiyyəti toxunulmazdır. Nəzərə alsaq ki, Keşlə ərazisində dəmir yolu mühafizə zolağında olan evlər vətəndaşına uzun müddətdir mülkiyyətində deyil, sadəcə orada məskunlaşıb. 

Çox güman ki, Avropanın bəzi qanunlara görə kompensasiya verilməlidir. Həmin vətəndaşlar uzun müddətdir ki, məskunlaşıb, oraya təzə köçməyiblər. Yəni 30-50 ildi orada yaşayıb, indi isə oradan çıxarırlar.

Bizim belə ərazilər üçün kompensasiya qanunvericilikdə yoxdur. Ancaq vətəndaş da bilməlidir ki, hansısa ərazidə məskunlaşanda müəyyən sənədləri düzgün olmalıdır.

Gecəqondular haradan ərsəyə gəlib? Sovet dövründə iş yerləri çatmırdı, sonradan 90-cı illərin əvvəlində bəzi proseslər baş verdi, qaçqınlar, məcburi köçkünlər ərsəyə gəldi. 

Vətəndaş da  kiminsə həmin ərazilərdə  məskunlaşdığını görürsə, o da məskunlaşa biləcəyini düşünür. Ancaq söküntü başlamayana qədər heç kimin ağlına gəlməzdi ki, sökülə bilər.

Hətta son illər leqallaşma məsələsi gündəmdə idi. Ancaq əksinə proses gedir. Mühafizə zolağında yaşayan vətəndaşların  əmlakının sökülmə riski var. Vətəndaş məcburiyyətdən orada məskunlaşır. Yaxud da düşünmədən ki, nə vaxtsa orada mühafizə zolağı çəkilə bilər. 

Chosen
31
1
cebheinfo.az

4Sources