EN

Harvard mütəxəssisi izah edir: Qaraciyər xəstəliyinin 5 dəri əlaməti

Qaraciyər xəstəlikləri çox vaxt açıq əlamətlər vermədən irəliləsə də, dəriyə aid bəzi dəyişikliklər bu təhlükəli vəziyyətin erkən xəbərçisi ola bilər.

E-saglam.az xəbər verir ki, Harvard və Stanford universitetlərində təhsil almış həkim Saurabh Sethi qaraciyər sağlamlığının bədənimizin ən böyük orqanı olan dəridə necə əks olunduğunu izah edib.

1. Dərinin və gözlərin sararması (sarılıq)

Qaraciyər bilirubin maddəsini düzgün şəkildə parçalaya bilmədikdə dəri və göz ağları saralır. Bu, hepatit, öd yollarının tıxanması və ya irəliləmiş qaraciyər xəstəlikləri kimi ciddi halların göstəricisi ola bilər. Sarılıq göründükdə dərhal həkimə müraciət edilməlidir.

2. Hörümçək angiomaları (qırmızı damar şəbəkələri)

Üz, boyun, sinə və qollarda yaranan, hörümçəyə bənzər qırmızı qan damarları hormon mübadiləsindəki pozğunluğa işarədir. Bu əlamət adətən siroz və ya digər xroniki qaraciyər xəstəlikləri zamanı ortaya çıxır.

3. Əlin ovuc hissəsində qızartı

Xüsusilə baş barmaq və kiçik barmaq bölgəsində yaranan davamlı qızartı hormonal balanssızlıq və qan dövranı dəyişiklikləri ilə bağlıdır. Siroz və otoimmün qaraciyər xəstəliklərində sıx rast gəlinir.

4. Səbəbsiz qaşınma

Dəridə səpgi olmadığı halda yaranan və xüsusilə gecələr artan qaşınma öd turşularının dəridə yığılması ilə əlaqələndirilir. Bu, xolestaz və ya birincili öd xolangit kimi qaraciyər xəstəliklərinin xəbərçisi ola bilər.

5. Dəridə tünd ləkələr (hiperpigmentasiya)

Gözaltı, ağız ətrafı və qoltuq altı kimi nahiyələrdə tünd ləkələr hormonal pozğunluq və qaraciyər funksiyalarının zəifləməsi ilə bağlı ola bilər. Bu hal tez-tez hemoxromatoz və alkoqolsuz yağlı qaraciyər xəstəliklərində müşahidə olunur.

Nə zaman həkimə müraciət etməli?

Bu dəri dəyişikliklərindən birini və ya bir neçəsini müşahidə edən şəxslər mütləq həkimə müraciət etməlidirlər. Balanslı qidalanma, alkoqoldan uzaq durmaq və müntəzəm tibbi yoxlanışlar qaraciyərin sağlamlığını qorumaqda mühüm rol oynayır.

Dr. Sethi qeyd edir ki, erkən diaqnoz və müdaxilə qaraciyərin daimi zədələnməsinin qarşısını almaqda həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
15
e-saglam.az

1Sources